Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial İdarəetmə və hüquq fakültəsinin tələbələri ilə görüş keçirib. Tədbir Naxçıvanın Ali Məclisi Sədrinin “Ali və orta ixtisastəhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamına uyğun olaraq təşkil olunub.

 

Universitetin Təlim və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, adıçəkilən sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, bu sahədəki çətinlikləri aradan qaldırmaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq, onların gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Ümid Qurbanov isə vurğulayıb ki, sözügedən sərəncamın icrasının təmin edilməsi məqsədilə Komissiyada “İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzi” yaradılıb. Gələcəkdə muxtar respublikada dövlət qulluğu sahəsində yeniliklərin tətbiq edilməsi, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələrin üzə çıxarılması, innovativ ideyaların dəstəklənməsi üçün tələbələrlə birgə startap layihələrinin hazırlanması da nəzərdə tutulub.

 

Komissiyanın əməkdaşları Türkan Gülməmmədli “Dövlət orqanlarında vətəndaşların dövlət qulluğuna müsabiqə vasitəsilə qəbulu qaydaları”, Zaman Bağırov isə “İnkişaf etmiş ölkələrdə dövlət qulluğu” mövzularında slaydlar vasitəsilə açıq dərslər keçib.

 

Tədbirin sonunda müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.