Naxçıvan Dövlət Universitetində (NDU) AESOP (Advocacy Establishment for Students through Ombudsman Position) layihəsinin uğurla icrasını təmin etmək məqsədilə maaarifləndirici təlim keçirilib.
İştirakçılara layihənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, layihəyə uyğun olaraq universitetdə ombudsman vəzifəsinin yaradılması Avropa təhsil sisteminə inteqrasiya yolunda mühüm addımdır. Layihə çərçivəsində universitet əməkdaşları üç ölkədə - Polşa, Portuqaliya və İtaliya universitetlərində olaraq, orada fəaliyyət göstərən ombudsman ofisləri, onların iş fəaliyyəti və ombudsman vəzifəsini yerinə yetirən nümayəndələrlə tanış olublar.
Tədbir iştirakçılarına akademik ombudsmanın səlahiyyətləri haqda da məlumat verilib. 4 illik müddətinə universitetin rektoru tərəfindən seçilən ombudsman ilin sonunda gördüyü işlər barədə rektora hesabat verir. Vurğulanıb ki, hərtərəfli elmi biliyə malik olan ombudsman tələbələrin problemlərini dinləyərkən özünün müstəqil, tərəfsiz, qərəzsiz, neytral mövqeyini ortaya qoymalıdır. Universitetdə mövcud olan heç bir qurumdan asılı olmayan ombudsmanın əsas vəzifəsi tələbələrin hüquqlarını başa salmaq, baş verən problemlərin həllində vasitəçi olmaq, mövcud qanunlar çərçivəsində problemin həllinə köməklik göstərməkdir.
Məlumat üçün qeyd edək ki, “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsinə Erasmus+ proqramı çərçivəsində 2016-cı ildən start verilib. Layihədə ölkəmiz üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2 dövlət, 3 özəl universitet və Şərqi tərəşdaşlıq ölkələrindən Gürcüstan üzrə 3, Ukraynadan 2 universitet təmsil olunub. Partnyor ölkələr qismində isə hər birindən bir təşkilat olmaqla Böyük Britaniya, İtaliya, Avstriya, Portuqaliya, Polşa və Finlandiya çıxış edir. 3 il davam edəcək layihənin əsas məqsədi tələbələrin hüquqlarının qorunma mexanizminin yenidən hazırlanması və onların təhsillərini uğurla başa çatdırılmasının dəstəklənməsini nəzərdə tutur.
Təlimdə NDU və Naxçıvan Müəllimlər İnstitutunu layihədə təmsil edən əməkdaşları da iştirak ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.