Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib.

 

Kafedra müdiri, akademik Muxtar İmanov ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatı nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan danışıb: “Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və ədəbiyyat adamlarına münasibəti dövlət siyasətinin tərkib hissəsidir. Heydər Əliyev Azərbaycan ədəbiyyatındakı hadisələrə tarixilik nöqteyi-nəzərdən yüksək qiymət verirdi. Nəzərdə tutduğu əsas hədəflərdən biri Azərbaycan tarixini, onun mədəniyyətini dünyaya tanıtmaq idi. Müstəqillik dövrünün Azərbaycan tarixində Heydər Əliyevin ən nəhəng ilk addımı “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi oldu”.

 

M.İmanov Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində  görülən böyük işlərdən geniş söz açıb.

 

Sonra “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda videoçarx nümayiş olunub.

 

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova Ümummilli Liderin Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinin yubileylərinin keçirilməsi, onların əsərlərinin dünya miqyasında tanıdılması, şair və yazıçılara fəxri adların və mükafatların verilməsi istiqamətində gördüyü işlərdən söz açıb.

 

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosentləri Dilbər Zeynalova və Nurlanə Mustafayeva ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində gördüyü işlərdən danışıblar.

 

Tədbir müzakirələrlə yekunlaşıb.