Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin qrup mərhələsinə yekun vurulub.
Qrup mərhələsində ümumilikdə 32 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 11-i isə regionları təmsil edib.
6 yarımqrup üzrə keçirilən oyunlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl rayon Olimpiya İdman Kompleksinin idman zallarında təşkil edilib.
Hər qrup üzrə birinci və ikinci yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanıb. Növbəti mərhələ üzrə oyunlar aprelin 29-da start götürəcək.
Yarışlarda Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti və Şamaxı Dövlət Regional Kollecin komandaları mübarizə aparacaq.
Birinciliyə 13 may tarixində yekun vurulacaq.
Birinciliyin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçuların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.