Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların həyat yolu gənc nəsil üçün örnəkdir


 

Aprelin 4-də Təhsil Nazirliyinin qarşısında böyük izdiham var idi. Havanın küləkli, soyuq olmasına baxmayaraq, yüzlərlə insan böyük həvəslə aksiyaya hazırlaşırdı. Bir tərəfdə hərbi geyimdə olan məktəblilər, digər tərəfdə isə ali məktəb tələbələri. Yeniyetmə və gənclərin bu hazırlığının əsas məqsədi  Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə ağacəkmə kampaniyasında iştirak etmək idi. Nəhayət, hamı öz yerini tutduqdan sonra avtobuslar yola düşdü.

Hərbi hissəyə çatan iştirakçılar öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək  önünə gül dəstələri qoydular.

Sonra hərbi hissənin klubunda görüş keçirildi. Görüşdə Təhsil və Müdafiə nazirliklərinin rəsmiləri, əsgərlər, aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan zabitlərin ailələri, aprel qaziləri və KİV nümayəndələri iştirak edirdi.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü  ilə  açan  Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi olan aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi və bu məqsədlə ağacəkmə kampaniyasının təşkil olunmasının yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verilməsi məqsədi daşıdığını bildirdi.

Təhsil nazirinin müavini Firudin Qurbanov görüşdə çıxış edərək aprel döyüşlərindən söhbət açdı.  F.Qurbanov Milli Ordumuzun  şanlı  tarixinə  çevrilmiş aprel döyüşlərinin hər bir Azərbaycan vətəndaşına qürur hissi yaşatdığını, ölkə Prezidentinin yüksək qayğısı ilə Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində görülən işləri xüsusilə qeyd etdi. Bildirdi ki, aprel döyüşlərində qazanılan qələbənin ikinci ildönümünün ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən də qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Nazir müavini təhsil müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdən birinin şagirdlərdə və tələbələrdə vətənpərvərlik ruhunun aşılanması olduğunu vurğuladı.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirdi ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu bir daha gücünü nümayiş etdirib, düşmənin çoxlu sayda canlı qüvvə və texnikasını məhv edib. Milli ordunun bu tarixi qələbəsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb, düşmən üzərində tezliklə qələbəmizə əminlik və nikbinlik hisslərini artırıb.

“Azərbaycan Bayrağı” ordeni  ilə təltif edilmiş şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova çıxış edərək onlara göstərilən diqqət üçün minnətdarlıqlarını bildirdilər, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların həyat yolunun gənc nəsil üçün örnək olduğunu qeyd etdilər.

Sonra iştirakçılar hərbi hissədə yaradılan şəraitlə tanış oldular. Əsgərlərlə birgə nahar etdilər. Nahardan sonra ağacəkmə kampaniyasına start verildi. Aprel döyüşlərindən keçən hər bir gün üçün bir ağac - 730 ağac hərbi hissənin həyətində əkildi.

Fürsətdən istifadə edib iştirakçıların tədbirlə bağlı təəssüratlarını öyrəndik.

 

“Özümü çox qürurlu hiss edirəm”

 

Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova bizimlə söhbətində bildirdi ki, bu kimi kampaniyalar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna göstərilən ehtiramın təzahürüdür: “Bu ağacəkmə kampaniyasında iştirak etdiyim üçün özümü çox qürurlu hiss edirəm. Təhsil nazirinin müavini Firudin Qurbanovla birgə ağac əkdik. Zaman gələcək və bu ağaclar böyüyəcək. Bu hərbi hissədə xidmət edən hər bir zabit, əsgər bu ağacların hansı məqsədlə əkildiyini biləcək və aprel şəhidlərini ehtiramla yad edəcəklər”. B.İmanova Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq, ölkə başçısına dərin minnətdarlığını bildirdi.

 

“Aprel döyüşlərində biz düşmənə çox ağır zərbələr endirdik”

 

Döyüşlərin iştirakçısı, “Şücaətə görə” medalı ilə təltif edilmiş qazi Azər Məmmədov tədbirin çox əhəmiyyətli olduğunu dedi. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə əkilən ağacların uzun ömürlü, daim yaşıl olmasını arzuladı.

Azər Məmmədov həmin günləri qürurla xatırladığını söylədi: “Tərtər, Selsulan uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Aprel döyüşlərində biz düşmənə çox ağır zərbələr endirdik. Ordumuzda böyük ruh yüksəkliyi var idi. Nəzərə çatdırım ki, həmin vaxtlarda düşmən bizə hücum etmişdi və biz əks həmlə ilə onları yerində oturtduq”. Azərbaycanın çox güclü ordusu olduğunu deyən A.Məmmədov torpaqlarımızın qısa zamanda azad ediləcəyinə əminlik ifadə etdi.

 

“Bu gün əkdiyim ağacın taleyi həmişə məni düşündürəcək”

 

Azərbaycan Dillər Universitetinin tələbəsi Ayşən Məmmədova da tədbirdə iştirak etdiyi üçün çox sevincli olduğunu bildirdi. Bu günün onun həyatında xüsusi bir önəm daşıyacağını diqqətə çatdırdı: “Sözlə ifadə edilməyəcək qədər qürurluyam. Qürurluyam ona görə ki,  Azərbaycanın  güclü  ordusu  var. Qürurluyam ona görə ki, xalqımızın mərd, cəsur oğulları var. Aprel  döyüşləri  bunu bir daha sübut etdi. Bu gün burada əkdiyim ağacın taleyi həmişə məni düşündürəcək. Əgər icazə versələr, imkan tapdıqca bu ağaca baxmağa gələcəm. Bu ağac mənim üçün çox dəyərlidir”.

 

“Bir əsgər kimi xalqıma xidmət etmək üçün günlərimi sayıram”

 

Bakıdakı 100 nömrəli tam orta məktəbin X sinif şagirdi Elvin Qurbanlı da bizimlə öz təəssüratlarını bölüşdü. O, hər cür şəraiti olan hərbi hissə ilə yaxından tanış olduğunu, buradakı əsgərlərlə söhbətləşdiyini dedi. Torpaqlarımızın düşmən tapdağından azad olmasını arzulayan Elvin belə ağacların həmin torpaqlarda əkilməsini dilədi. “Məktəbimizdə hərbi dərslərə xüsusi önəm verilir. Biz artıq hərbin ilk sirləri ilə yaxından tanışıq. Mən həmçinin məktəbimizin “Şahin” hərbi-idman oyunu komandasının üzvüyəm. Gələcəkdə bir əsgər kimi xalqıma xidmət etmək üçün günlərimi sayıram”.

 

Gələcəyin layiqli əsgəri

 

Paytaxtın Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbin gənclərin çağrışaqədərki hazırlığı rəhbəri, ehtiyatda olan mayor Möhtəşəm Məhərrəmov tədbirin təqdirəlayiq olduğunu qeyd etdi. Şagirdlərin birbaşa hərbi hissədə olması, zabit və əsgərlərlə təmasının onlara xüsusi motivasiya verdiyini deyən M.Məhərrəmov belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox vacib amil olduğunu da bildirdi: “Ordumuz son illərdə çox böyük inkişaf mərhələsindədir. Düşünürəm ki, Azərbaycan ordusu regionda ən güclü ordulardan biridir. Aprel döyüşləri də bunu sübut etdi. Məktəbdə ordumuz və döyüşçülərimiz haqqında şagirdlərə ətraflı məlumatlar veririk. Şagirdlərimizin də tədris etdiyimiz fənnə xüsusi maraqları var. Düşünürəm ki, hər bir məktəbli oğlan  gələcəyin layiqli əsgəridir”.

 

Niyazi RƏHİMOV