İsveçdəki Azərbaycan diaspor təşkilatları Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizin musiqi və rəqsləri nümayiş etdiriblər.
İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tədbirdə İsveç-Azərbaycan Dərnəyinin üzvləri də çıxış ediblər. Ölkəmiz haqqında söz açan dərnək üzvüləri Azərbaycanda uşaqların hüquqlarının qorunmasına daim önəm verildiyini vurğulayıblar.
Tədbirdə İsveç-Azərbaycan Birliyinin uşaq rəqs qrupu tərəfindən təqdim olunan “Naz eləmə” və “Nəlbəki” Azərbaycan milli rəqsləri tamaşaçılarda xoş ovqat yaradıb. Konsertlə yanaşı müxtəlif türkdilli ölkələrinin nümayəndələrinin qatıldığı tədbirdə bayram yarmarkası da keçirilib. Yarmarkada, bu ölkələrin diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, milli geyimlərini, adət-ənənələrini nümayiş etdiriblər.
Builki yarmarkada ölkəmizin mədəniyyətini və adət-ənənələrini Stokholmda yeni fəaliyyətə başlamış “Tumurcuq” Azərbaycan Dram teatrı nümayiş etdirib. Teatrın fəalları və üzvləri qonaqlara Azərbaycanla bağlı müxtəlif maraqlı məlumatlar verib və onları ənənəvi milli şirniyyatlara qonaq ediblər.
Sifai SƏFƏROVA