Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb
Dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəli (Round University Ranking) açıqlanıb. ABŞ-ın Harvard Universiteti 2019-cu il üzrə dünyanın 100 ən yaxşı ali məktəblərinin siyahısına başçılıq edir. Harvard Universiteti bu ildə liderlik mövqeyini saxlayıb. Reytinqin ilk 10-luğunda ABŞ universitetləri üstünlük təşkil edir. ABŞ-ın Stanford, Yel, Kolumbiya, Kaliforniya, Massaçusets Texniki universitetləri, Böyük Britaniyanın London İmperial Kolleci, Oksford və Kembric universitetləri və İsveçrənin Sürix Universiteti ilk onluğa daxil olublar.
Reytinqdə Rusiya 74 universitetlə təmsil olunur. Bu ölkənin 5 ali məktəbi ilk yüzlüyə daxil olub: M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (38-ci yer), Tomsk Dövlət Universiteti (59-cu yer), Rusiya Xalqlar Dostluğu Universiteti (77-ci yer), Sankt-Peterburq Dövlət Universiteti (93-cü yer) və “MİFİ” Milli Nüvə Tədqiqatları Universiteti (94-cü yer). Reytinq cədvəlində MDB ölkələrindən 30 ali məktəb ilk 500 universitet sırasında yer alıb.
Sıralamada Azərbaycanın iki ali məktəbi yer alıb. Bakı Dövlət Universiteti reytinqdə 667-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti 775-ci yerlərdə təmsil olunurlar. BDU tədrisin keyfiyyətinə görə 543-cü, tədqiqatların keyfiyyətinə görə 668-ci, beynəlmiləlləşmənin səviyyəsinə görə 585-ci, maliyyə davamlılığı səviyyəsinə görə 761-ci yerdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti tədrisin keyfiyyətinə görə 743-cü, tədqiqatların keyfiyyətinə görə 724-cü, beynəlmiləlləşmənin səviyyəsinə görə 598-ci, maliyyə davamlılığı səviyyəsinə görə 812-ci yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, builki reytinqə dünyanın 74 ölkəsindən 820 ali məktəb daxil olub. 2010-cu ildən dərc edilən reytinq universitetləri 20 kriteriya, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı kimi meyarlar üzrə qiymətləndirilir.
Reytinq tamamilə Clarivate Analytics-in Web of Science elmi bazasının məlumatları əsasında hazırlanıb.
Oruc MUSTAFAYEV