Magistrlər biznes planlarının nəticələrinə əsasən qiymətləndiriləcək


UNEC-də “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində təşkil olunan Yaz Məktəbinə start verilib.

 

Beş gün davam edəcək Yaz Məktəbi “Sahibkarlıq və KOM: Biznesin əsasları” mövzusunda olacaq. Yaz məktəbində dərslər Almaniyanın Siegen Universitetinin professoru Petra Muqun (Petra Moog) rəhbərliyilə UNEC və Siegen Universitetinin magistr tələbələrinin birgə iştirakı ilə aparılır. Mühazirəçi kimi Almaniyadan Berlin İqtisad və Hüquq Məktəbinin Sahibkarlıq, KOS və Ailə Biznesi İnstitutunun direktoru, professor Birgit Felden də dəvət olunub.  Yaz Məktəbində həmçinin Azərbaycanın biznes qurumlarının rəhbər və mütəxəssisləri iştirakçılarla öz təcrübələrini bölüşəcək, ölkə iqtisadiyyatındakı son tendensiyalar haqqında mühazirələr oxuyacaqlar. Yaz məktəbi ərzində iştirakçıları ölkənin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış etmək məqsədilə ekskursiyalar təşkil olunacaq.  Sonda magistrlər hazırladıqları biznes planların nəticələrinə əsasən qiymətləndirilərək, kreditlər əldə edəcəklər.

 

Qeyd edək ki, UNEC ilə Almaniyanın Siegen Universitetinin birgə hazırladığı “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (“Project EE-KEY-AZ: Entrepreneurship Education: A Key to Job Creation and Employability in Azerbaijan”) layihəsi DAAD tərəfindən maliyyələşdirilməsi üçün qəbul olunub. Layihənin müddəti 4 ildir.