Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Oxu günü” ilə əlaqədar olaraq tədbirlər keçirilir. Belə ki, paytaxt məktəblərində ədəbi-bədii gecələr, qiraət axşamları, poeziya günləri, Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, toplantı, konfrans, mühazirə və “Dəyirmi masa”lar təşkil edilir.
“Oxu günü” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliəmədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Tədbirlərdə YUNESKO-nun qərarına əsasən, hər il aprelin 23-nün beynəlxalq səviyyədə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edildiyi şagirdlərin diqqətinə çatdırılır, bu günün beynəlxalq səviyyədə qeyd edilməsinin əhəmiyyəti və mahiyyəti izah edilir.
Həmçinin qeyd olunur ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şəraitin yaradılması mühüm amillərdəndir.
Tədbirlərdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir, şeirlər söylənilir, Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdirilir.
“Oxu günü” çərçivəsində şagird və müəllimlərin Bakı Kitab Mərkəzinə ekskursiyası da təşkil olunur.
Qeyd edək ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Oxu günü” tədbiri keçiriləcək. “Oxu günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı məqsədilə təşkil olunur.
Tədbirdə ümumi təhsil məktəblərinin şagirdləri təqdimatlarla çıxış edəcəklər.
“Oxu günü”ndə həmçinin məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların şəxsiyyətin inkişafında əhəmiyyətini vurğulayan səhnəciklər və digər təqdimatlar göstəriləcək. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş ediləcək.