Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, nümayəndəliyin əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti, proqram rəhbəri Ramilə Aslanova, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olublar.
Qonaqlar öncə universitetin ərazisində ağacəkmə mərasimində iştirak ediblər.
Sonra Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib. NDU hazırda dünyanın 50-dən çox ölkəsinin 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malikdir. Rektor universitetin qoşulduğu Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə birgə qarşılıqlı əməkdaşlıqdan da söhbət açıb.
Görüşdə Kestutis Yankauskas Avropa Birliyinin ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirib. Səfir təhsil sahəsində birgə layihələrin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Aİ-nin Erasmus+ proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır.
Tələbələrlə qarşılıqlı diskussiya şəklində baş tutan görüş yaddaqalan olub. Qonaq suallarını cavablandıran tələbələri hədiyyələrlə mükafatlandırıb.
BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti isə universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində tələbələr üçün “Dayanıqlı inkişaf məqsədləri” adlı mühazirə ilə çıxış edib. Azərbaycanla əməkdaşlığın uğurla davam etməsindən, eyni zamanda, sosial müdafiə, məşğulluq sahəsində birgə işlərin əhatə dairəsinin genişlənməsindən ətraflı söhbət açılıb.
Universitetin Magistratura üzrə dekanlığında təşkil edilən mühazirədə isə AMFA-nın layihə koordinatoru Sevinc Rüstəmova “Maliyə savadlığına dair master-klass” keçirib. Tələbələr maliyyə savadlılığı, büdcə planlaşdırılması, bank məhsulları, sahibkarlıq və sair mövzularla əlaqədar ümumi bilgilərlə tanış olublar. Qarşılıqlı müzakirə şəklində qurulan mühazirədə tələbələrin sualları cavablandırılıb.