Gəncə Dövlət Universitetinin (GDU) fəaliyyətinin ümumtəhsil məktəblərində təbliği məqsədilə professor-müəllim heyəti üzvlərindən ibarət işçi qrupunun, şəhərin 4, 6, 11, 23, 25, 27, 31,39,və 41 nömrəli tam orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüşü keçirilib.
Qeyd edək ki, işçi qrup GDU rektorunun müvafiq müvafiq əmrinə əsasən yaradılıb.
Görüş barədə işçi qrupun sədri, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev məlumat verərək bildirib ki, toplantıda öncə GDU-nin fəaliyyətini özündə əks etdirən videoçarx izlənilib.
Sonra görüş iştirakçılarına universitetdə tədris prosesinin təşkili, elmi-tədqiqat işləri, eləcə də dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq və həyata keçirilən bir sıra beynəlxalq layihələr, akademik mobilllik proqramları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hazırda universitetdə 1 nəfər AMEA-nın Müxbir üzvü, 15 elmlər doktoru, 190 fəlsəfə doktoru, 16 professor, 144 dosent olmaqla ümumilikdə 541 professor-müəllim heyəti təlim-tədris və elmi tədqiqat işləri ilə məşğul olur. Universitetdə 8 fakültə, 1 əlavə təhsil fakültəsi fəaliyyət göstərir. Bakalavr və magistratura səviyyələrində 41 ixtisas üzrə 6 min tələbə təhsil alır.
İşçi qrupun üzvü, Qrammatika və İngilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov son illərdə Xarici dillər fakültəsində təhsil alan tələbələrin praktik xarici dil bacarıqlarının inkişafı istiqamətində görülmüş işlərdən danışıb.
Alman dili kafedrasının müdiri Elvin Atakişiyev universitetdə bu ixtisas üzrə həyata keçirilən kadr hazırlığı haqqında məlumat verib. Qısa müddətdə Almaniyanın bir sıra qabaqcıl universitetləri ilə qarşılıqlı əməkdaşlıq əlaqəsi qura Alman dili kafedrasında hazırda Alman Akademik Mübadilə Xidməti (DAAD) həyata keçirilir. GDU respublikamızın qərb regionunda yeganə ali təhsil ocağıdır ki, ölkəmizin ali təhsil müəssisələri üçün yüksək ixtisaslı alman dili müəllimləri hazırlayır.
Şagirdlərə həmçinin, universitetdə keçirilən kütləvi-mədəni tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan könüllü qış və yay məktəbləri, çoxsaylı sərgilər, müsabiqələr, tələbə konfransları, təqdimatlar və digər maarifləndirici tədbirlər haqqında geniş informasiya çatdırılıb.
Məktəblərin rəhbərliyi və müəllim kollektivi bu cür görüşlərin keçirilməsini yuxarı sinif şagirdlərinin ixtisas seçimi üçün zəruri olduğunu bildiriblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.