Azərbaycanda dördüncü dəfə beynəlxalq "Ümumi imla" beynəlxalq təhsil aksiyası keçirilib. Bu il tədbirə Azərbaycan Dillər Universiteti ev sahibliyi edib. Azərbaycanda "Rossotrudniçestvo"nun və ADU-nun Rusiyaşünaslıq Elmi Tədqiqat Laboratoriyasının birgə təşkil etdiyi aksiyada iştirak üçün 100-dən çox insan qeydiyyatdan keçib. "Ali məktəb özü "Ümumi imla" aksiyasına ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib, bu məqsədlə gözəl auditoriya ayırıb",-deyə Azərbaycanda "Rossotrudniçestvo"nun nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin bildirib. Onun sözlərinə görə, elektron portal vasitəsilə imlada iştirak üçün 100 nəfər qeydiyyatdan keçib. Buna baxmayaraq aksiyaya sonradan qoşulmaq istəyənlər də olub. Aksiyanın iştirakçıları arasında ali məktəb tələbələri, orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər olub. İmlanın mətnini universitetin müəllimi Diana Hüseynzadə oxuyub.
"Rossotrudniçestvo" nümayəndəliyinin rəhbərinin müavini Rusiyanın "TASS" agentliyinin müxbiri ilə söhbətində qeyd edib ki, Azərbaycanda rus dilinə maraq azalmayıb. "Buna sübut olaraq ölkədə hər il ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasının keçirilməsini göstərmək olar. Ötən il bu aksiya respublikanın 50 rayonunda 2500 şagirdin iştirakı ilə keçib. Bu il isə hələ ki, olimpiadanın 24 turundan 12-i keçirilib, ancaq iştirakçıların sayı artıq keçən ilki rəqəmlə bərabərləşib",-deyə A. Kalamin bildirib. "Rossotrudniçestvo" nümayəndəliyində hesab edirlər ki, qarşıdakı illərdə "Ümumi imla"nın coğrafiyası genişlənəcək və iştirakçıların sayı artacaq.
Qeyd edək ki, bu il "Ümumi imla" dünyanın 80 ölkəsində keçirilib. Aksiyada 250 mindən artıq insan iştirak edib.
Oruc MUSTAFAYEV