Gəncə Dövlət Universtetində (GDU) Azərbaycan Yaradıcılıq Fondu (AYF) və Azərbaycan Bəhailəri Dini Mərkəzinin birgə iştirakı ilə “Sosial şəbəkələr intellekt və mənəviyyat axtarışı” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə AYF-nin aparat rəhbəri, şair Qismət Rüstəmov, “Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı, jurnalist Fəxri Uğurlu, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi, psixoloq Ramazan Əsgərli, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, yazıçı Qan Turalı, rejissor Pərviz Həsənov, operator Kazım Əsgərzadə və AYF-nin təşkilat şöbəsinin müdiri, tədbirin koordinatoru Fuad Cəfərov, həmçinin universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Tədbirdə GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açılış nitqi ilə çıxış edib.

 

Daha sonra çıxış edənlər (Q.Rüstəmov, R.Əsgərli, F.Uğurlu və Q.Turalı) sosial şəbəkələrin geniş yayıldığı müasir şəraitdə Azərbaycan gəncliyinin düzgün istiqamətə yönəldilməsinin vacibliyindən danışıblar. Vurğulanıb ki, gənclərdə “mənəvi immunitet” yaratmaqla, onları sosial şəbəkələrin mənfi təsirindən uzaqlaşdırmaq və şəbəkələrin  müsbət yönlərindən faydalanmağa sövq etmək üçün maarifləndirmə işlərinin aparılması zəruridir. Sivilizasiyanı irəli aparan 2 əsas qüvvə - elm və din arasında birlik olanda cəmiyyət həmişə irəli gedib, ehkamçılıq isə sosial kolliziyalara səbəb olub.

 

Qeyd olunub ki, elmin inkişafı hələ hər şeyi həll etmir, mənəvi dəyərlərdən uzaq düşəndə elm də cəmiyyətə xeyir əvəzinə ziyan gətirir. Elmin inkişafının internet nümunəsində də bu cəhət özünü göstərir. Yenilik axtarışında olan insanlar sosial şəbəkələrə axışırlar. Sosial şəbəkələrdə nəzarət yoxdur, azadlıq var. İnternetlə üzbəüz olan zaman insanın özünü necə aparması onun intellektindən, mənəvi tutumundan asılıdır. Gəncləri internetə qədər maarifləndirmək, intellektini inkişaf etdirmək, mənəvi tərbiyə etmək lazımdır.

 

Prorektor G.Fətəliyeva, dekanlardan Bayram Apoyev, Urfan Həsənov, dekan müavini Məhərrəm Babayev, kafedra müdirləri Zümrüd Cavadova, Maqbet Əhmədov, “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İdrisqızı, tələbələrdən Zümrüd Məhərrəmova, Rauf Məmmədov, Səməndər İmanov sosial şəbəkələr barədə mülahizələrini bildiribər.

 

Tədbir iştirakçılarının gəldiyi əsas nəticə bundan ibarət olub ki, sosial şəbəkələrdən lazımi şəkildə faydalanmaq üçün intellekt inkişafının, mənəvi dəyərlərin böyük rolu var. Yüksək intellektli və mənəviyyatlı insanların sosial şəbəkələrdən mənfi niyyətlərlə istifadə edənlərə qarşı mübarizəsi, ictimai qınaq şəraiti yaratması, valideynlərin hələ dünyagörüşü formalaşmamış uşaqların internetdən istifadəsinə nəzarət etməsi, istiqamət verməsi də böyük əhəmiyyətə malikdir.