Ceyhun Məmmədov: “Başqa ölkələrin vətəndaşları olan azərbaycanlıların pulsuz təhsil almaq imkanları üzərində düşünürük”
I hissə: https://muallim.edu.az/news.php?id=4912
II hissə: https://muallim.edu.az/news.php?id=5018
III hissə
Fəaliyyətə başlamasının bir ili yenicə tamam olmuş Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində instituta qəbul olacaq abituriyentlərdən gözləntilərindən, tələbələrinə yaratdıqları şəraitdən, həm də məzunlarına verə biləcəkləri vədlərdən danışıb.
İlahiyyat İnstitutunu kim seçə bilər?
- Azərbaycan İlahiyyat İnstitutunda kimlər, hansı ölkələrin vətəndaşları təhsil ala bilərlər? Kimlər üçün burada təhsil imkanları var?
- İnstitutun qarşısında duran bir neçə əsas hədəf var. Onlardan biri də, Azərbaycan hüdudlarından kənarda yaşayan azərbaycanlıları təhsil prosesinə cəlb etməkdir. Bununla bağlı cənab Prezidentin tövsiyələri, göstərişləri var. Bilirsiniz ki, xarici ölkə vətəndaşları Azərbaycanda ödənişsiz təhsil ala bilməzlər. Amma biz başqa ölkələrin vətəndaşları olan azərbaycanlıların pulsuz təhsil almaq imkanları üzərində düşünürük. Növbəti illərdə, institut olaraq tam formalaşdıqdan sonra xaricdən tələbələrin daha geniş şəkildə cəlbini düşünürük. Bunun üçün də ingilis, rus, ərəb dillərində qrupların yaradılması ilə bağlı fikirlərimiz var. Düşünürəm ki, bu planımızın reallaşdırılması zamana bağlı olacaq.
- Maraqlıdır, bu fikrin arxasında dayanan məqsəd nədir?
- Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Müsəlman ölkələrində keçirilən böyük miqyaslı tədbirlərdə, layihələrdə fəal iştirak edirik. İlahiyyat İnstitutunun məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz yaxın vaxtlarda əsas dini təhsil mərkəzlərindən birinə çevrilə bilər. Hesab edirəm ki, buna imkanımız var. Müəllimlərimizin böyük əksəriyyəti ingilis, ərəb dillərini yüksək səviyyədə bilirlər. Fars və ivrit dillərini bilənlərimiz də var. Bu baxımdan imkanlarımızın geniş və əhatəli olduğunu düşünürəm.
- Tələbələriniz arasında sağlamlıq imkanı məhdud olanlar var?
- Hələlik təhsil alanlar yoxdur, ancaq istəyənlər var. Hətta artıq bu barədə müraciətlər belə olub. Gələcəkdə institutumuzda bu imkan da yaradılacaq. Ağır və uzun proses olsa da, artıq işlərə start verilib. Növbəti tədris ilinə yeni binada başlayacağıq. Həmin binada sağlamlıq imkanı məhdud şəxslərin hərəkəti, təhsili üçün nəzərdə tutulan bütün şərait yaradılacaq.
- Yeni bina harada yerləşir?
- Naxçıvanski küçəsində 4 mərtəbəli binadır. Binanın bir mərtəbəsinin də artırılması nəzərdə tutulur.
- Yataqxana necə, nəzərdə tutulub?
- Bəli, gələcəkdə yataqxana da olacaq. İlahiyyat İnstitutu üçün kampus tikilməsi nəzərdən keçirilir.
- Yəni institutun tezliklə yerləşəcəyi beşmərtəbəli bina da müvəqqətidir?
- Bəli. Ölkə Prezidentinin tövsiyəsi ilə yataqxana və başqa zəruri şəraitin tam təmin olunacağı bir kampus qurulması planlaşdırılır. Hazırda Mənəvi Dəyərlərin Təbliği Fondunun hesabına xüsusi ehtiyacı olan tələbələrimizi yataqxana, evlə təmin etməyə çalışırıq. Gələcəkdə bu imkan bütün tələbələrimiz üçün yaradılacaq. Nəinki yataqxana və müasir tədris prosesi üçün şərait, həmçinin məscid də olacaq. Həmin yerlərdə tələbələrimiz təcrübə keçəcəklər.
- Getdikcə böyüyən bina tələbələrinizin sayının artırılacağından xəbər verir?
- Əlbəttə. Azərbaycan İlahiyyat İnstitutu dünyanın sayılıb-seçilən təhsil müəssisələrindən, dini təhsil verən mərkəzlərindən biri olmağa iddialıdır. Gələcəkdə fəaliyyətimizi böyütməyi, istiqamətimizi genişləndirməyi, tələbələrimizin sayını artırmağı planlaşdırırıq.
Abituriyentlərin bu sahəyə həvəsi nəzərə alınacaq
- Növbəti tədris ili üçün neçə plan yeri ayıracağınız bəllidirmi?
- Hələlik, 72 plan yerinin ayrılması nəzərdə tutulub.
- 72 plan yerinə indiki abituriyentlərdən kimlər iddia edə bilər?
- Ümumiyyətlə, istənilən məktəbli Azərbaycan İlahiyyat İnstitutunu seçə bilər. Bunun üçün III ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək kifayətdir. Yalnız İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı tələb ediləcək. Belə ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul imtahanından keçərək tələb olunan müvafiq keçid balını toplayanlar İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı da verməlidirlər.
- Bu ixtisas üzrə əlavə qabiliyyət imtahanına ehtiyac duyulması nədən qaynaqlanır?
- İlk növbədə onların bu sahəyə marağı nəzərə alınacaq. Çünki bu ixtisas üzrə hazırladığımız kadrların əsasən din xadimi kimi fəaliyyəti nəzərdə tutulur. Ona görə də bu ixtisasa din xadimi kimi fəaliyyət göstərməyə marağı olanların seçilməsini nəzərdə tuturuq. Qabiliyyət imtahanı da götürməklə həmin ixtisasa hazırlığın səmərəliliyini artırmağı düşünürük. Əvvəlcədən bu ixtisası seçən abituriyentlərlə mütləq görüşür, onları psixoloji testdən keçiririk.
- Psixoloji test onların gələcəkdə din xadimi olaraq fəaliyyətində iradəsini yoxlamaq məqsədi daşıyır?
- Yanaşmamız ondan ibarətdir ki, din xadimləri gələcəkdə kütlə ilə işləyəcəklər. Əhali, insanlarla daimi münasibətdə olacaqlar. Ona görə də bu ixtisasa qəbul olunanların qabiliyyəti, düşüncəsi, psixoloji durumu, iradəsi, təsirə nə dərəcədə məruz qalması, ən əsası, ixtisasa marağı nəzərə alınmalıdır. Bu sahədə kadrlara ehtiyac var və həmin ixtisasa qəbul olunanların bu sahəyə marağı onların həmin sahədə işləyəcəyinin təminatı ola bilər. Hesab edirəm ki, Azərbaycan İlahiyyat İnstitutu artıq tanınır. Cəmiyyətdə bu təhsil müəssisəsi ilə bağlı kifayət qədər məlumat var. Öz tələbələrimiz də fəal şəkildə institutun təbliğatını aparırlar. Müşahidələr göstərir ki, institutumuza rəğbət get-gedə artır. Azərbaycan İlahiyyat İnstitutunda təhsil almaq istəyənlərin sayı çoxdur. Bununla bağlı kifayət qədər müraciət alırıq. Bir faktı qeyd edim. İnstituta qəbul elan olunanda keçid 150 bal müəyyənləşdirdik. Fəaliyyətə yenicə başlayan bir ali təhsil müəssisəsi üçün kifayət qədər ürəkaçan nəticələr qeydə alındı. Ali məktəblərə keçirilən qəbul imtahanlarında institutumuzu seçən abituriyentlər arasında ən aşağı nəticə 177 bal idi. Həmin qəbulda 400-440 balla instituta qəbul olunan tələbələrimiz oldu. Növbəti tədris ilində institutumuza daha yüksəkballı tələbələrin qəbul olacağını düşünürük. Ancaq düşünməklə, gözləməklə kifayətlənmirik. Hesab edirik ki, bölgələrdə institutumuzu seçəcək çoxsaylı gənclər var. Onların da müəyyən fikirləri, sualları, tərəddüdləri ola bilər. Odur ki, tələbəmiz ola biləcək həmin uşaqları və onların valideynlərini məlumatlandırmaq məqsədi ilə bundan sonrakı mərhələdə ciddi təbliğat aparmağı planlaşdırmışıq. Bunun üçün də 2019-2020-ci tədris ili üzrə instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri həyata keçiririk. Artıq biz Lənkəran rayonu və Gəncə şəhərində olduq. Burada abituriyentlərlə görüşdük, onlara institut haqqında ətraflı məlumat verdik. Qeyd edim ki, tədbirlərimiz davam etdirilir. Sumqayıt şəhərində, Zaqatala, Şəki, Qəbələ, Quba, Bərdə, Ağcabədi, Şirvan, Neftçala, Biləsuvar, Salyan və digər rayonlarda təşkili nəzərdə tutulub.
- Abituriyentlər Aİİ-ni niyə seçməlidirlər? Bu institutun ali təhsil verən digər müəssisələrdən üstünlüyü nədir?
- Tələbə mərkəzli bir ali məktəb olmağımız ən böyük üstünlüyümüzdür. Artıq qeyd etdiyim kimi, təhsil tamamilə ödənişsizdir. Tələbələrimiz minimum 75 manat təqaüd alır. Onlara yemək pulu da verilməsi nəzərdə tutulub. Bu da əlavə olaraq onlara 80-100 manat veriləcəyi deməkdir. Hazırda 30 tələbəmizə Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə hər ay 100 manat təqaüd verilirsə, gələcəkdə onların da sayı artırılacaq. Bütün tələbələrimizin yataqxana ilə təmin olunması və ya yaşayış yeri üçün xərcinin ödənilməsi də nəzərdə tutulub. Hazırda tələbələrimizin bir qismi üçün bu vəsaiti ödəyirik. Ancaq gələcəkdə bu, bütün tələbələrə şamil olunacaq. Tezliklə tələbələrimiz vahid geyimdə olacaq və həmin geyim də təhsil müəssisəsi tərəfindən təmin ediləcək. Başqa təhsil müəssisələrində ödənişli olan, amma bizdə tamamilə pulsuz yaradılan imkanlardan da danışa bilərəm, məsələn: ölkədəki bütün ali təhsil müəssisələrində tələbənin buraxdığı, iştirak etmədiyi dərslərin sayı 25 faizi keçərsə, onlar üçün sonradan təşkil edilən imtahanlar mütləq ödənişli olmalıdır. Lakin institutumuzda tələbələrin alt qrupda oturması və imtahan verməsi ödənişsizdir. Bir sözlə, İlahiyyat İnstitutunda nəinki imtahan, hətta dərs vəsaiti belə ödənişli deyil. Dərslikləri də biz təmin edirik. Hazırda tələbələrimiz heç nəyə vəsait ödəmir. Onların bütün ehtiyacını dövlət qarşılayır. Bunun qarşılığında yeganə istəyimiz isə oxumaqlarıdır.
Uğurumuz onda olacaq ki...
- Bəs hazırkı abituriyentlərə nə vəd edirsiniz? Oxuyub kim olacaqlar? Məzun olduqdan sonra iş tapa biləcəklərmi? Onlar üçün əmək bazarında iş mövcuddur?
- İnstitutumuz ali təhsil verir. Tələbələrimiz dövlət qurumlarında çalışmaq imkanına malik olacaqlar. İlahiyyat İnstitutunu bitirənlər tam ali təhsilli şəxslərdir. Hətta hüquq-mühafizə orqanlarında, təhsil sistemində çalışa bilərlər. Hazırda isə daha çox din xadimlərinin fəaliyyətinə ehtiyac var. Ölkəmiz məscidlərlə təmin olunub, ancaq burada çalışacaq əlavə din xadimlərinə ehtiyac var. Odur ki, İslamşünaslıq ixtisası üzrə institutu bitirən məzunlarımızın din xadimi kimi fəaliyyət göstərmələrinə daha böyük tələbat var. Qeyd edim ki, bu, məcburi deyil.
- İndi ali təhsil müəssisələri məzunlarının işlə təminatını da izləyir. Aİİ-nin bunu etmək imkanı varmı?
- Bu gün qarşımızda qoyulan hədəf və məqsədlərdən biri məzunlarımızın işlə təmin olunması məsələsidir. Uğurumuz onda olacaq ki, onlar özlərinə uyğun iş tapsınlar. Bu istiqamətdə də işləməyə başlamışıq. Karyera Mərkəzi ilə bağlı iş aparılır. Müəyyən uğurlara da nail olmuşuq.
- Bir il üçün nəzərdə tutulan planların hamısını yerinə yetirdinizmi, yoxsa yarımçıq qalanlar da oldumu?
- Bu bir ildə çox gərgin işlədik. Hədəflərimizin əksəriyyətinə nail olmuşuq. Hesab edirik ki, qısa müddətdə bir çox layihələri həyata keçirdik. Görüləcək işlər isə çoxdur. Bizdən asılı olmayan işlər də var. Ümumən götürdükdə, bir kollektiv olaraq bu müddətdə kifayət qədər səmərəli və məhsuldar çalışdıq.
Ruhiyyə DAŞSALAHLI