Aprel şəhidlərimizdən biri Nurəddin Mirzeyevin təhsil aldığı Yardımlı rayonu Ə.H.Mirzəyev adına Honuba kənd tam orta məktəbində şagirdlərlə görüş keçirilib.

 

Görüşdə Yardımlı rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov, baş məsləhətçisi Şəhriyar Şabiyev, Yardımlı rayon Təhsil şöbəsinin nümayəndəsi Nəci Bağırov, Ombudsmanın Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yardımlı rayon nümayəndəliyinin rəhbəri Elvin Hüseynov, kənd ərazi nümayəndəsinin müavini Nizami Paşayev və  məktəbin pedaqoji heyəti iştirak ediblər.

 

Əvvəlcə şəhidin məzarı üzərində onun əziz xatirəsi anılıb. Sonra qonaqlar şəhidin yaşadığı evə gələrək, Nurəddinin xatirəsinə burada yaradılan guşəni ziyarət ediblər.

 

Tədbir vaxtilə şəhidin oxuduğu sinifdə davam etdirilib. Burada tariximizin şanlı səhifəsi olan aprel döyüşləri barədə ətraflı məlumat verilib, eləcə də şəhidliyin mahiyyəti, bu gün Azərbaycan məktəblisinin üzərinə düşən vəzifələr ətrafında çıxışlar edilib, şagirdlərin fikirləri dinlənilib.

 

Toplantının sonunda fəal şagirdlərə Ombudsman aparatı tərəfindən insan hüquq və azadlıqlarına dair əyani vəsaitlər hədiyyə olunub.