Gəncə Dövlət Universitetində (GDU) tələbələrə Gəncə Regional Debat Mərkəzi haqqında ətraflı məlumat vermək məqsədilə tədbir keçirilib. Maarifləndirici xarakter daşıyan toplantı GDU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə baş tutub.
Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov bildirib ki, debat yeni dostlar, fərqli ünsiyyət, geniş əlaqələr yaradan intellektual əyləncə və təhsil proqramıdır.
Debat cəmiyyətdə gedən ictimai - sosial proseslərə ətraf mühitə müxtəlif nöqteyi - nəzərdən baxmağı, biliklərə və ideyalara şübhə ilə yanaşmağı, onların əsasında yeni baxışlar, biliklər yaratmağı, arqumentləri məntiqi qurmağı və üçüncü tərəfi öz mövqeyinə inandırmağı öyrədir.
Gəncə Regional Debat Mərkəzinin proqram rəhbəri, GDU-nun Tarix-coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Elşən Tağıyev debatın dörd prinsipi olan öyrənmək, aydınlıq, düzgünlük və hörmət haqqında tələbələrə məlumat verib. O, debatın gənclərə araşdırma imkanı, auditoriya qarşısında sərbəst çıxış etmək, məntiqi təfəkkürün inkişafı, fikri düzgün çatdırmaq bacarığı, inandırma və təqdimetmə vərdişləri qazandırdığını vurğulayıb.
GDU-nun Debat klubunun sədri Nazpəri Abdurrəhmənova isə qeyd edib ki, Debat təhsil proqramının məqsədi vətəndaşları, xüsusilə gəncləri mübahisələrə deyil, problemlərin müzakirəsinə və onların həlli yollarının müəyyənləşdirilməsinə cəlb etməkdir.
Çıxışlardan sonra debat proqramının mahiyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda tələbələri maraqlanadıran suallar cavablandırılıb.