Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Qonaqları salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov onları bu ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi qurumun strukturu, universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, buradakı tədris-mədəniyyət mərkəzlərinin fəaliyyəti barədə məlumat verib, universitetin bir sıra ölkələrin tanınmış ali təhsil müəssisələri ilə sıx əlaqələrə malik olduğunu bildirib.
Daha sonra Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən tədbirdə S.Məhərrəmov ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini diqqətə çatdırıb.
Səfir Rüstəm Soli səmimi qəbula görə öz təşəkkürünü bildirib, daha sonra öz həyat yolu, Tacikistanda həyata keçirilən islahatlar, ölkə təhsilindəki yeniliklər barədə tələbələrə rus dilində mühazirə deyib. Diplomat Tacikistanla Azərbaycanın qədim dostluq tarixinə nəzər salan diplomat həmin ənənələrin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən səfir bunun üçün Naxçıvan Dövlət Universitetində çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində istənilən dəstəyi göstərməyin mümkünlüyünü söyləyib.
Sonra tələbələrin səfirə ünvanladıqları suallar cavablandırılıb.