Mövzu beynəlxalq miqrasiyadır
Bakı Mühəndislik Universitetində Avstriyanın Qraz Universitetindən dəvət olunmuş Dr. Liza Hesçel və Dr. Bernadette Knauder tərəfindən təhsil müəssisələrində miqrasiya təhsili, həmçinin Avropa Birliyinin qanunvericiliyi barədə iki günlük mühazirə və seminar öz işinə başlayıb. Seminar Erasmus+ KA2 layihəsi çərçivəsində BMU-nun xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi və iqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilir. Mövzusu əsasən beynəlxalq miqrasiya: “Beynəlxalq normativ qaydalar və beynəlxalq miqrasiyanın idarə olunması”, “Aİ-nin miqrasiya siyasəti və azyaşlıların miqrasiyası” olan mühazirə və seminarda BMU ilə yanaşı digər universitetlərin də əməkdaşları və tələbələri iştirak edir.
Tədbiri açan BMU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Yaşar Ehtibarlı seminarın mövzularının aktuallığından bəhs edib.
Tbilisi Dövlət Universitetinin əməkdaşı və layihənin koordinatoru olan Dr. Nino Parsadanişvili də tədbir iştirakçılarını salamlayıb, layihə haqqında məlumat verib.
Tədbirin sonunda mühazirə və məşğələlərdə fəal iştirak edən iştirakçılara sertifikat təqdim olunacaq.