Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən  “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihə həyata  keçiriləcək.

 

Layihənin keçirilməsində əsas məqsəd paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından önəmli məqamdır. 

 

Layihənin həyata keçirilməsində əsas dəstəkçilər isə “BİR” könüllülərdir. Belə ki, aprelin 8-dən etibarən “BİR” könüllülərin dəstəyi ilə sərnişinlər arasında sosial sorğu keçiriləcək.

 

77 gün davam edəcək sorğu çərçivəsində şəhərin müxtəlif ərazilərindəki avtobus dayanacaqlarında və insanların daha çox toplaşdığı məkanlarda könüllülər gedilən istiqamətlər, istifadə edilən dayanacaqlar, bir məntəqədən digərinə səfər edilərkən sərf olunan zaman və digər bu tipli məlumatlar öyrənmək məqsədi ilə sərnişinlərə müraciət edəcəklər. Sorğu onlayn qaydada da aparılacaq.

 

Əldə edilən məlumatlar paytaxtın avtobus parkının yenilənməsi işləri çərçivəsində alınan 300 ədəd müasir və komfortlu avtobusların istismara veriləcəyi marşrut xətlərinin müəyyən edilməsi zamanı, həmçinin ictimai nəqliyyatın inkişafı üzrə layihələrin hazırlanmasında istifadə ediləcək.

 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramının milli könüllü platforması kimi 20 000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsi inkişafı, asudə vaxtının səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması və könüllülərlə işin sistemləşdirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.