Aprelin 5-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin açılış mərasimi keçirilib.

 

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ali təhsil müəssisələrinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair müvafiq sərəncamını xatırladaraq bu təhsil ocağının indiyədək nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini vurğulayıb.

 

Nazir müavini bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində respublikamız  artıq idman ölkəsi kimi dünyada layiqli yer tutur.

 

Firudin Qurbanovun sözlərinə görə,  bu yarışın əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliği və kütləviliyinə, perspektivli idmançıların aşkar edilməsinə və onların ustalardan ibarət komandalara cəlb edilməsinə nail olmaqdır. Nazir müavini qeyd edib ki, BDU-nun 100 illik yubileyinə həsr olunmuş futzal üzrə respublika birinciliyi genişmiqyaslılığı, mütəşəkkilliyi, eyni zamanda ictimaiyyət tərəfindən maraqla qarşılanması baxımından idman tariximizə yaddaqalan hadisələrdən biri kimi daxil olacaq.

 

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra komandalar meydana çıxıb. İlk oyun Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları arasında keçirilib.

 

Qeyd edək ki, 32 komanda, 600-ə yaxın tələbənin qatıldığı yarışda respublikanın bölgələrində fəaliyyət göstərən təhsil müəssisələri də iştirak edəcək.

 

Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.