NDU-nun tələbələri bu dəfə Muxtar Respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar. Tədbirdən öncə müəssisənin Nəzarət qrupu otağında olan tələbələrə bölmələrin fəaliyyəti ilə bağlı mövcud olan sənədlər və əyani vasitələr göstərilib.
“Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda çıxışında Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, universitetdə aparılan vətənpərvərlik tərbiyəsi Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Vurğulanıb ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən mayor Cavid Məmmədov “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı çıxışında qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəliləyir və ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, ordu quruculuğu təşkil etməklə dövlətimizin və xalqımızın, əmin-amanlığı, tərəqqisi təmin edilməkdədir. Aprel döyüşlərində qazandığımız qələbənin 3-cü ildönümü ərəfəsində keçirilən görüşün təsadüf olmadığı vurğulanıb, qələbənin xalqımızın zəfər tarixi olduğu diqqətə çatdırılıb.
Sonra tələbələrdə vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayan “Cavanşir” sənədli filmi nümayiş olunub.
Sonda fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev belə hamilik tədbirlərinin keçirilməsinin tələbələrinin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsindəki rolundan danışıb.