Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarından idmançılarımız 25 medalla qayıdıblar
Martın 14-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində 2019 Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları start götürüb. 190-dan çox ölkədən 7 mindən artıq atlet oyunlara qatılaraq idmanın 24 növü üzrə mübarizə aparıb. Azərbaycan Oyunlarda idmanın 10 növü üzrə 54 idmançı ilə təmsil olunub. Azərbaycan idmançıları atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük yarışlarında çıxış edərək böyük qələbəyə imza atıblar.
Bir həftə davam edən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında yığma komandamıza ilk medalları pauerliftinqçilərimiz qazandırıblar. Belə ki, Aytac Səmədova ayaq üstə ağırlığı yerindən qaldırmada birinci, ağırlığı çiyinə alaraq oturub-durmada ikinci, uzanaraq ağırlığı sinəyə almaqda isə üçüncü olub. Üç hərəkətin cəminə görə isə gümüş medala layiq görülüb. Araz Fətullayev pauerliftinqdə ayaq üstə ağırlığı yerindən qaldırmada, uzanaraq ağırlığı sinəyə almaqda gümüş medal qazanıb, ağırlığı çiyinə alaraq oturub durmada dördüncü olub. Üç hərəkətin cəmində isə gümüş medala layiq görülüb. Digər təmsilçilərimiz Amal Zeynalova uzanaraq ağırlığı sinəyə almaqda, Əsədulla Mirzəyev isə yerindən qaldırmada bürünc medal əldə ediblər.
Atletika üzrə yarışlarda uğur qazanan təmsilçilərimizdən Nigar Mustafayeva F-01 divizionunda 25 m. məsafəyə qaçışda birinci, 50 m. məsafədə ikinci olub. Aidə Rzayeva isə hər iki məsafə üzrə bürünc medal qazanıb. Səid Rzayev M-21 divizionunda 100 m. məsafəyə qaçışda 3-cü ola bilib. Daha bir atletimiz Ariz Paşayev isə M-03 divizionunda 50 m. məsafəyə qaçışda və yerindən tullanmada ikinci yerə sahib çıxıb.
Cüdo yığmamızın üzvləri bu oyunlarda üç medal qazanıblar. 60 kq. çəki dərəcəsində Elnur Rəhmanov qızıl, Nikita Merkuryev isə bürünc medallara imza atıblar. 64 kq. çəki dərəcəsində Fərid Şərifov isə gümüş medalı aktivinə yazdıra bilib.
Stolüstü tennis yığmamızın üzvləri Eyvaz Muradov və Evelina Rodina cütlüyü qarışıq komanda yarışında ən yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Eyvaz Muradov şəxsi yarışda isə gümüş medalla kifayətlənib.
Üzgüçülük yarışlarında isə bir təmsilçimiz - Mirqaib Rəsulov 800 m. məsafədə sərbəst üsulla üzmədə 6-cı divizionda mükafatçılar sırasında yer ala bilib. O, bürünc medala sahib çıxıb.
Komandamızın aktivinə daha bir qızıl medalı isə badmintonçumuz Teyfə Musayeva yazdırıb. Olimpiya yığmamız komanda idman növlərindən dördündə təmsil olunub və ən yüksək nəticə basketbolçularımıza nəsib olub. Oğlanlardan ibarət “Unified” basketbol yığma komandamız VI divizionda finalda İndoneziya millisinə 26:24 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Oğlanlardan ibarət “Unified” voleybol yığması isə “A” qrupunda İndoneziya millisini 2:1 hesabı ilə üstələyərək üçüncü olub.
Qızlardan ibarət həndbol və futbol yığmalarımızı isə medaldan cəmi bir pillə ayırıb. Belə ki, həndbolçularımız həlledici qarşılaşmada ən güclü birinci divizionda Norveç yığmasına məğlub olaraq dördüncü yerlə kifayətləniblər.
Futbol yığmamız da üçüncü yer uğrunda mübarizədə Danimarka komandasına 2:1 hesabı ilə uduzub və ən güclü divizionda dördüncü olub.
Beləliklə, atletlərimiz Xüsusi Yay Olimpiya Oyunlarını 25 medalla (6 qızıl, 10 gümüş, 9 bürünc) başa vurublar. Növbəti Xüsusi Yay Olimpiya Oyunları 2023-cü ildə Almaniyanın Berlin şəhərində keçiriləcək.
Qeyd edək ki, olimpiadanın açılış mərasimində Əbu-Dabinin Vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Seneqal Prezidenti Maki Sal, Malta Prezidenti Cozef Muskat, BƏƏ-nin Əcman, Fuceyra, Umm Əl-Quveyn və Ras Əl-Xeymə əmirliklərinin əmirləri, vəliəhdləri, yüksək səviyyəli qonaqlar, nazirlər iştirak ediblər.
Tədbirə Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın BƏƏ-dəki səfirliyinin müvəqqəti işlər vəkili Leyla Süleymanova və ölkəmizin Dubay və Şimal əmirliklərindəki baş konsulu Cavidan Hüseynov da qatılıblar.
Qeyd edək ki, ilk dəfə 1968-ci ildə təşkil olunan Dünya Xüsusi Olimpiya Oyunları xüsusi qayğıya ehtiyacı olan insanların inkişafına yönələn dünyanın ən böyük humanitar idman fəaliyyəti və qlobal hərəkatıdır.
Rəşad ZİYADOV