Ceyhun Məmmədov: “Nə qədər diqqətlə seçilsə də, kənardan gələn ədəbiyyatda bəzən problemlər çıxır”


Əvvəli: https://www.muallim.edu.az/news.php?id=4912

 

 

II hissə

 

 

Artıq öz dəst-xətti olan bir institutdur. Tezliklə doktorantura pilləsində də təhsil verməyə hazırlaşan Azərbaycan İlahiyyat İnstitutunda, sadəcə, din xadimləri deyil, həmçinin pedaqoqlar da hazırlanır. Gördükləri işi layiqincə etməkdə də qərarlıdırlar. Rektor Ceyhun Məmmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində keyfiyyətli təhsil vermək, tarixinə, mədəniyyətinə, dilinə bağlı insan yetişdirmək, zəngin dünyagörüşü olan din xadimləri hazırlamaq üçün göstərdikləri səydən danışıb.

 

 

- Heç də ənənəvi olmayan sahə üzrə işlər aparan, cəmi bir ildir fəaliyyət göstərən ali məktəbdə hansı ixtisaslar üzrə hazırlıq görülür? Neçə tələbəniz var?

 

- Bir fakültəmiz var: İlahiyyat fakültəsi. Fakültədə 3 kafedra fəaliyyət göstərir: İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər kafedraları. Bakalavr səviyyəsində İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə 102 tələbə, 5 ixtisas üzrə 7 magistrant magistratura pilləsində təhsil alır. Magistratura səviyyəsində İslamşünaslıq, Dinin psixologiyası, Dinin sosiologiyası və Dinlərin tarixi ixtisasları üzrə hazırlıq həyata keçirilir. Magistraturada ixtisaslaşma aparılmalı olduğu üçün bu pillədə daha çox ixtisas üzrə hazırlıq həyata keçirilir. Onlar gələcəkdə həm də pedaqoji fəaliyyətlə məşğul olacaqlar.

 

- Yəni, institutun verdiyi təhsil pedaqoji fəaliyyətə imkan yaradır?

 

- Qarşımızdakı məqsədlərdən biri də məhz budur ki, məzunlarımız pedaqoq kimi də fəaliyyət göstərsinlər. Bildiyiniz kimi, ölkə ali məktəblərinin bir çoxunda Dinşünaslıq, Dinlərin tarixi tədris olunur.

 

Akademiya sistemində mütəxəssislərə ehtiyacımız var.

 

Dinşünasların həm də pedaqoq kimi hazırlanması nəzərdə tutulub. Belə bir planımız da var ki, dinşünas pedaqoq ixtisası üzrə ayrıca hazırlıq təşkil edək.

 

 

“Şikayətlərin olmaması institutda qurulan sistemin nəticəsi idi”

 

 

- Bir ali təhsil müəssisəsi olaraq ilk imtahan sessiyasını başa vurdunuz. Nəticələrinizi necə dəyərləndirirsiniz?

 

- İlahiyyat İnstitutunda imtahana çox fəal hazırlıq prosesi keçdik. İmtahanlarla bağlı qərarların hamısında kollektiv iştirak etdi. Əvvəlcə müəllimlərin iştirakı ilə Elmi Şuranı topladıq. İmtahanların hansı formada keçiriləcəyi də həmin toplantıda geniş müzakirə olundu və yekdil qərar verildi. Tələbələrin bilik və bacarıqlarının yoxlanılmasında yazılı imtahanlara üstünlük verilsə də, fənlərdən asılı olaraq, həm də şifahi imtahan və testlə sınanmalar məqbul sayıldı. İmtahanların şərtlərinə, qaydalarına qərar verildikdən sonra bu barədə tələbələrə də məlumat çatdırıldı. Keçirilən növbəti toplantıda onlara imtahan qaydaları, qarşılarına qoyulan şərtlər açıqlandı. İmtahanlarda operativliyi, çevikliyi təmin etmək, şəffaf imtahan, obyektiv qiymətləndirməni həyata keçirmək üçün qərargah yaratdıq. Prosesdə baş verə biləcək problemləri həll etmək, müraciətləri dəyərləndirmək, ədaləti bərqərar etmək üçün Apelyasiya Şurası formalaşdırdıq. Hazırlıq imtahan başlayan günədək tamamlandı və yanvar ayının 7-də 2018-2019-cu il payız semestrinin qış sessiyasına, yəni Aİİ-nin bir institut kimi ilk imtahan sessiyasına start verdik. Yanvarın 31-dək davam edən bu prosesdə ictimaiyyət nümayəndələrinin də fəal iştirakını təmin etdik. Bu məqamda bir məsələni də qeyd etmək istərdim. İnstitutun yarandığı ilk gündən media ilə sıx əməkdaşlıq qurmuşuq və bu ənənəyə hazırda da sadiqik. İnstitutda baş verən hər bir yenilik gecikdirilmədən ictimaiyyətə ötürülür. Rektor olaraq otağımın qapısı həmişə açıqdır. Tələbələr istənilən vaxt yaxınlaşıb sözünü deyir. Elə imtahan dövründə də yaranan narazılıqlarla şəxsən maraqlandım, şikayəti olan tələbələri qəbul etdim, mübahisəli məsələləri onlarla araşdırdıq və vaxtında aradan qaldırdıq.

 

Aİİ-də rektora müraciət hər hansı narazılığı bildirməyin yeganə yolu deyil. İmtahan günlərində tələbələrə şikayətlərini bildirmələri, fikirlərini, təkliflərini rəhbərliyə çatdırmaları üçün hər cür şərait yaradılmışdı. İmtahan gedəcək otaqlarda bu məqsədlə ayrıca qutular yerləşdirilmişdi. Tələbələrin şəxsən müraciətlərində hər hansı əngəl olmadığından və onlara rektorla istənilən problemi müzakirə etmək imkanları yaradıldığından auditoriyalara qoyulan qutulara müraciət edən, şikayət məktubu atan olmadı. Qürurla qeyd etməliyəm ki, imtahan sessiyasında ciddi şikayətlərin olmaması əvvəldən institutda qurulan sistemin nəticəsi idi. Bu sistemdə tələbə istənilən vaxt istənilən rəhbər şəxsin qəbulunda ola bilir. Ancaq bu, yeganə faktor deyil. Başqa bir amil də Azərbaycan İlahiyyat İnstitutunda müəllimlərin işə müsahibə yolu ilə qəbul edilməsidir. Buna baxmayaraq, payız sessiyasında tələbələrin bilik və bacarıqlarını yoxlamazdan əvvəl institutumuzda müəllimlərlə bağlı tələbələrin rəyi öyrənildi. Semestrin sonuna doğru sorğular keçirdik. Tələbələrin fikrini, təkliflərini, müəllimlərə münasibətlərini həmin sorğular əsasında müəyyənləşdirdik.

 

- Müəllimlər buna etiraz etmədi?

 

- Qətiyyən. Əksinə, onlar bu barədə əvvəlcədən məlumatlıydılar. Müəllim olaraq işə götürülərkən şərtlərimizə uyğun gələn namizədlərə xəbərdarlıq edilmişdi ki, tələbələr arasında keçirilən sorğularla onların verdiyi təhsilin keyfiyyəti ölçüləcək.

 

- Sorğuda nəyi öyrənməyə çalışırdınız?

 

- Müəllimin davranışından tutmuş fənn biliklərinədək, bunu tələbələrə necə çatdırması ilə bağlı hər bir amili. Sorğu anketlərində 23 sual qoyulmuşdu. Həmin suallara cavab əsasında qiymətləndirmə aparıldı. Bu sorğunun nəticəsi olaraq, bir müəllimlə bağlı araşdırma aparıldı.

 

- Araşdırmanın nəticəsi necə oldu?

 

 

- İnstitutun aidiyyəti şöbələri müəllimlə görüşdü. Kafedra müdiri müəllimin dərsində oturdu. Müəllimə tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı məsləhətlər verildi. Artıq problemlərimizin qalmadığını əminliklə deyə bilərəm.

 

- Ümumiyyətlə, müəllimlərlə bağlı sorğuların nəticələrinin təhlili nə göstərdi?

 

- Sorğuların nəticəsi olaraq elə bir ciddi problem ortaya çıxmadı. Sadəcə metodologiyada fərqlər ola bilər və biz də bunu vaxtında müəyyənləşdirməyə çalışırıq.

 

- Deməli, müəllim seçiminizdə yanılmamısınız?

 

- Əlbəttə, yanılmamışıq. Bütün müəllimlər üzərlərinə düşən vəzifələrin öhdəsindən maksimum gəlməyə çalışırlar. Mən xüsusilə vurğulamaq istəyirəm ki, dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin akademik biliyə malik olan alimlər tərəfindən aparılır. Onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Suriya və Portuqaliya kimi dünyanın müxtəlif ölkələrində akademik fəaliyyətlə məşğul olmuş elm adamları var.

 

- Artıq magistratura səviyyəsi üzrə təhsil verirsiniz.  Müsahibənizin əvvəlində (buradan bax: https://www.muallim.edu.az/news.php?id=4912) qeyd etdiniz ki, növbəti tədris ilindən Aİİ bakalavr və magistratura pillələri ilə yanaşı, doktorantura səviyyəsində də təhsil verə biləcək. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı da var. Tələbə sayının artacağı gözləniləndir. Bəs, ixtisasların sayını necə, artırmağı düşünürsünüzmü?

 

- Bəli, ixtisasla bağlı da planlarımız var. Düşünürük ki, yəhudilik və xristianlıq üzrə kadr hazırlığını həyata keçirək. Amma bu, növbəti tədris ilinin planı deyil. Qarşıdakı illərdə reallaşdıracağımız planlar sırasındadır. Müxtəlif ölkələrdə fərqli modellər var. İslam iqtisadiyyatı, Xarici dillər, Jurnalistika ixtisasları üzrə tədris aparan dini mərkəzlər, məktəblər, universitetlərin təcrübəsi ilə də maraqlandıq. Amma İlahiyyat İnstitutu hazırda konkret olaraq ilahiyyat ixtisası üzrə kadr hazırlayır. Ən böyük üstünlüklərimizdən biri odur ki, bu istiqamətdə hazırda tədris prosesini həyata keçirə biləcək kadrlarımız kifayət qədərdir.

 

- Din xadimi olmaq istəyənlər harada fəaliyyət göstərirlər? İnstitut tələbələri üçün təcrübə sahəsi sadəcə dini ibadətgahlardır?

 

- Əlbəttə ki, yox, məscidlər, kilsələr, sinaqoqlar öz yerində. Ancaq tələbələrimiz ixtisaslarına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, AMEA-nın müxtəlif institutlarında, ali təhsil müəssisələrində təcrübə keçəcəklər.

 

- Maraqlıdır, İlahiyyat İnstitutunu bitirən şəxs dini kitabların hamısını - “İncil”i, “Tövrat”ı “Qurani-Kərim” kimi dərindən mənimsəyəcək, yoxsa nəyi hansı səviyyədə mənimsəməsi ixtisasından asılı olacaq?

 

- Daha çox ixtisasından asılı olacaq. Artıq qeyd etdiyim kimi, bakalavr üzrə hazırda iki ixtisas üçün kadr hazırlığı həyata keçirilir: Dinşünaslıq və İslamşünaslıq. İslamşünaslıq sırf islam üzrə mütəxəssislərin yetişdirilməsi üçündür. Təbii ki, islamşünaslara da digər dinlərlə bağlı ümumi məlumat veriləcək. Amma onlar əsasən islam elmləri sahəsində ixtisaslaşıb püxtələşəcəklər. Dinşünaslıq ixtisası üzrə təhsil alanlar isə bütün dinləri geniş şəkildə öyrənəcək. Bu ixtisas üzrə təhsil alanlar həm islamı, həm xristianlığı, həm də yəhudiliyi yaxşı səviyyədə bilməli, onların kitabını mənimsəməlidirlər. Bizdə bir fənn var: Müqəddəs kitabların müqayisəsi. Orada bütün dini kitablar haqqında geniş şəkildə məlumat verilir. Hesab edirik ki, dinşünasların bu biliyə yiyələnməsi olduqca vacibdir. Axı onlar gələcəyin dinşünaslarıdır.

 

Dinşünas isə yalnız islamın deyil, xristianlığın və yəhudiliyin də ehkamlarını, dəyərlərini, kitablarını bilməlidir. Bunun üçün də əlimizdən gələni edirik. Sadəcə, tədris prosesinin təşkili ilə kifayətlənmirik. Müəllimlərin keyfiyyətli təhsil vermələri və tələbələrimizin onlar üçün qaranlıq qalan mövzularla bağlı əlavə bilik, məlumat, hətta dərs almalarını təmin edirik.

 

Qeyd etdiyim kimi, bu məsələdə müəllimlərimizdən tələb və  gözləntilərimiz çox böyükdür.

 

- Bu gözləntilərinizi doğrulda bilirmi pedaqoji heyət?

 

- Müəllimlərimiz tələbələrin mövzunu daha yaxşı mənimsəməsi üçün onlara əlavə dərslər verməyə, suallarını istənilən vaxt cavablandırmağa çalışırlar. Tələbələr arasından öz ixtisasları üzrə fərqlənənləri seçib xüsusi yetişdirmələri üçün hər birinə tövsiyələrimiz olub. Bir sözlə, tələbələrlə işimizi bir neçə istiqamətdə qurmuşuq. İstiqamətlərdən biri də odur ki, institutda davamlı olaraq seminarlar, treninqlər keçiririk. Bununla tələbələrimizin fəallığını da təmin edirik. Layihələrimizdən biri sırf  tələbələr üçün nəzərdə tutulub. Tələbə seminarlarında uşaqlarımızın əksəriyyəti fəallıq göstərir. Bu layihədə bir tələbəmiz mövzu seçib araşdırır, həmin mövzuda təqdimatla öz tələbə yoldaşları qarşısında çıxış edir. Tələbə arzu edərsə, həmin dərsə müəllimi də qatılır. Bu layihənin effektiv nəticələri də var.

 

 

Dinimizi də öyrənirlər, tariximizi, mədəniyyətimizi də...

 

 

- Sorağınız tez-tez ayrı-ayrı bölgələrimizdən gəlir...

 

- Bəli, layihələrimizdən biri tələbələrimiz arasında vətənpərvərliyin təbliğinə xidmət edir. Gənclərimizə qəhrəmanlıq ruhunun aşılanması, Azərbaycan bölgələrinin tanıdılması məqsədi ilə müxtəlif ərazilərimizdə olan xalqımızın qəhrəmanlığını, tarixini anladan yerlərə, o cümlədən dini ibadət yerlərinə səfərlər təşkil edirik. Bu günlərdə tələbələrimizin və kollektivimizin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfərini həyata keçirdik. Qubada fəaliyyət göstərən “Səkinə xanım”, “Cümə məscidi”, “Ərdəbil”, “Hacı Cəfər” məscidlərini ziyarət etdik. Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin müşayiəti ilə Qubada yerləşən “Qırmızı qəsəbə”yə baş çəkdik. Aİİ heyətinə yəhudilərin adıçəkilən qəsəbədə, həmçinin Azərbaycanda məskunlaşması tarixi, ölkəmizdəki multikultural mühit və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verildi. Kollektivimiz bu səfər zamanı “Giləki” və “Altı günbəz” sinaqoqları ilə yaxından tanış oldu. Sinaqoqların birində Yəhudi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bizə bu Mərkəz haqqında da ətraflı məlumat verildi. Əvvəlki səfərlərimizdə isə Avropa və gürcü yəhudiləri sinaqoqunda olmuşuq. Cocuq Mərcanlıya getmişik. Hətta qeyd edim ki, qəsəbəyə kollektiv gedən ilk təhsil müəssisəsi biz idik. Qəbələnin Nic  kəndində, Şamaxı rayonunda olduq.

 

- Elə Bakıda da tədbirləriniz az olmur...

 

- Elədir. Əlamətdar günlərlə bağlı Bakıda çoxsaylı tədbirlər keçiririk. Həftə ərzində müxtəlif tarixi-fəlsəfi mövzularda seminarlarımız olur. Adətən, həftənin cümə günləri keçirilən belə seminarlarda aktual olan, ölkəmiz, onun tarixi, mədəniyyəti ilə bağlı Azərbaycanın ayrı-ayrı alimlərinin konkret mövzu ətrafında çıxışı dinlənilir.

 

Maraqlı layihələrimizdən biri də “Oxu” layihəsidir. Bu layihəyə əsasən bir kitab müəyyənləşdirilir. Yəni, xarici və ya yerli müəllif olmasından asılı olmayaraq, hər hansı müəllifin bir kitabını seçirik. Tələbələr kitabı oxuduqdan sonra onun birgə müzakirəsi təşkil edilir. Müzakirələr o qədər maraqlı keçir ki... Müzakirələrin sonunda fərqlənənləri mükafatlandırırıq. Bu yolla tələbələrimizə bədii ədəbiyyat oxumağı da təşviq edirik.

 

 

Açıq rəfdən elektron kitabxanaya

 

 

- Kitabxanada vəziyyət necədir? Tələbələrinizin tələbatını ödəyə bilirmi?

 

- İnstitut kitabxanasında 12 minə yaxın əsər mövcud idi. Hamısı dinlə, islamla bağlı ədəbiyyat idi. Son vaxtlar müxtəlif qurumlarla - Mərkəzi Elmi Kitabxana, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, universitetlərlə danışıb xeyli bədii kitablar əldə etmişik. Kitabxanamızı zənginləşdirmək üçün keçirdiyimiz “Hərəyə bir kitab” kampaniyasına qoşulan bəzi alimlər təşəbbüsümüzə müsbət cavab verərək bizə kitablar gətirdilər. Kitabxanamızı başqa dillərdə, fərqli mövzularda olan ədəbiyyatla zənginləşdirdik. Artıq kitabxanamızda 15 mindən artıq kitab var.

 

- Bəs, elektron kitabxana varmı və ondan istifadə hansı səviyyədədir?

 

 

- Kitabxanamıza Misirdən 10 min elektron kitab daxil olub. Burada hələlik beş kompüter internet şəbəkəsinə qoşularaq tələbələrin ixtiyarına verilib. Tələbələrimiz həmin kompüterlərdən istifadə edərək elektron kitabxananın verdiyi imkanlardan yararlana bilirlər. Ancaq həmin kitabxanaya hələlik yalnız təhsil müəssisəsindən çıxış var. Hazırda proqram üzərində iş gedir. Həmin proqram imkan verəcək ki, tələbələrimiz instituta gəlmədən də kitabxanamızdakı əsərlərdən istifadə edə bilsin. Əvvəlcə açıq rəf sistemi mövcud idi. Bu sistem yeni sistemdən fərqlənirdi. Artıq kitabxana təzə sistemlə qurulacaq. 

 

Kitabxananın üstünlüyü ondan ibarətdir ki, burada ana mənbələr, ərəb və türk dillərində qaynaqlar var.

 

- Tələbələriniz dini ədəbiyyat sıxıntısı hiss edirlərmi?

 

 

- Çalışırıq hiss etməsinlər. Ölkəmizdə ən aktual məsələlərdən biri dini ədəbiyyata ehtiyacın olmasıdır. Hazırda dərsliklərimiz üzərində işləyirik. İstəyirik ki, bütün fənlər üzrə dərsliklərimiz olsun. Əski əlifba ilə yazılan ədəbiyyatlarımız var. Onların latınqrafikalı Azərbaycan əlifbası ilə yazılması üzərində iş gedir. Dini terminlər lüğəti hazırlayırıq. Nəşr olunmuş dini kitablar üzərində işləyirik. Dini ədəbiyyatın dili, məzmunu, əhatə etdiyi məsələlərlə bağlı zaman-zaman müxtəlif məsələlər ortaya çıxır. Bununla əlaqədar olaraq öz müəllimlərimiz, müəlliflərimiz var. İşimizi elə qurmağa çalışırıq ki, kitablarımızı özümüz çap edək.  Nə qədər diqqətlə seçilsə də, kənardan gələn ədəbiyyatda bəzən problemlər çıxır.

 

 

Ardı: https://muallim.edu.az/news.php?id=5141

 

Ruhiyyə DAŞSALAHLI