Gəncə Dövlət Universitetində


Gəncə Dövlət Universitetində Valideyn-Müəllim Assosiasiyasının (VMA) növbəti iclası keçirilib.

 

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, müəllim və valideynlər iştirak ediblər.

 

Prorektor Gülsüm Fətəliyeva görüşün əsas məqsədinin valideynlərin tədris prosesinə cəlb edilməsindən və universitetin idarə edilməsinə ictimai nəzarətin daha da gücləndirilməsi məsələlərinin müzakirəsindən ibarət olduğunu diqqətə çatdırıb. Prorektor təhsilin inkişafı ilə əlaqədar mütəmadi müzakirələr aparıldığını və mövcud problemlərin həlli yollarının aradan qaldırılması üçün səylərin artırıldığını bildirib.

 

Təhsil işçilərinin cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyən G. Fətəliyeva ictimaiyyətin təhsil müəssisələrinin fəaliyyəti haqqında daha dolğun məlumatlandırılması baxımından VMA-ların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Prorektor  universitetdə yaranan problemlərin aradan qaldırılması işində VMA-nın fəaliyyətinin daha səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə çatdırıb.

 

Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bildirib ki, VMA-nın missiyası universitet icması daxilində sağlam bir ruh yaratmaq, valideynləri universitet həyatında fəal iştiraka təşviq etmək, habelə ailə, universitet və icma arasında əlaqələri gücləndirməkdir.

 

Tədbirdə müəllimlər, valideynlər çıxış edib, bir sıra təkliflər səsləndirilib və açıq müzakirələr aparılıb.

 

Səmimi müzakirə şəraitində keçən görüşdən valideynlər razı qalaraq universitetin rəhbərliyinə, professor-müəllim heyətinə  minnətdarlıqlarını bildiriblər.