Naxçıvan Dövlət Universitetində Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Universitetin İncəsənət fakültəsində keçirilən tədbirdə mövzu ilə bağlı sərgi nümayiş olunub. Sərgidə 30-dan çox rəsm əsərinə baxış olub.Fakültənin akt zalında keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri  açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Vurğulanıb ki, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

 

Heydər Əliyev adına hərbi liseyin Şəxsi heyətlə iş üzrə rəis müavini, polkovnik-leytenant Rəhman Vəliyev Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsini, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi sahəsində görülən işləri yüksək qiymətləndirib.

 

Sonra Aprel şəhidlərindən  Rasim Məmmədov və Qabil Orucəliyevin anaları keçirilən tədbirlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarının ifadə ediblər. 

 

Sonda universitet tələbələrinin bədii qiraəti dinlənilib və şəhid Qabil Orucəliyev haqqında hazırlanan “Sonuncu zəng” filmi nümayiş olunub.