Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Quba rayonuna səfər edib.

 

Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonun Zizik və Qaraçay kənd, Quba şəhər 3 nömrəli  tam orta məktəblərinə və Texniki-təmayüllü liseyə baş çəkib,  adıçəkilən təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub, həmçinin həmin məktəblərin X və XI siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlarla peşə seçimi və fənn olimpiadalarının əhəmiyyəti barədə söhbət aparıb.

 

Nazir müavini eyni zamanda Qəçrəş kənd tam orta məktəbində rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə də görüş keçirib. Görüşdə son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi vurğulayıb.