6 fənn üzrə 250-dək tələbə və şagird yarışdı
Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, kimya, biologiya, informatika və coğrafiya fənləri üzrə regional olimpiada keçirilib. Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Lənkəran Humanitar, Astara Pedaqoji və Masallı Dövlət Regional kolleclərinin tələbələrinin iştirak etdiyi olimpiadada 6 fənn üzrə 250-dək tələbə və şagird yarışıb.
LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova “Azərbaycan müəlimi”nə bildirib ki, Lənkəran Dövlət Universitetində regional fənn olimpiadaları ənənəvi olaraq hər il keçirilir. Bu il də olimpiadada LDU-nun rektor əvəzi Natiq İbrahimov iştirak edib: “Natiq İbrahimov universitet ilə ümumi orta və tam orta məktəblər, eləcə də bölgədə fəaliyyət göstərən kolleclər arasında əlaqələrin möhkəmləndirilməsində regional olimpiadaların əhəmiyyətini xüsusi qiymətləndirir. Odur ki, bu yarışlara çox ciddi əhəmiyyət verir, yarışın təşkilində və gedişində fəal iştirak edir”.
E.İsmayılovanın sözlərinə görə, builki bilik yarışına daha iki fənn - coğrafiya və informatika həvəskarları da qatılmaq imkanı qazanıblar. Bilik yarışmasına qatılan 250-dək tələbə və şagird seçdikləri fənlər üzrə 30 sualı 2 saat ərzində yazılı cavablandırıblar.Veb-kamera ilə təchiz olunan auditoriyalarda olimpiadanın gedişini nəzarətçi müəllimlərlə yanaşı, Lənkəran Dövlət Universitetinin rektoru əvəzi Natiq İbrahimov da izləyib.
Qeyd edək ki, aprelin 6-da saat 12.00-da qalibləri mükafatlandırma mərasimi keçiriləcək və onlara LDU-nun fəxri-fərman, diplom və qiymətli hədiyyələri veriləcək.
Ruhiyyə