Bakı şəhər Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseyin bir qrup şagirdi “N” saylı hərbi hissədə olublar. Onlar hərbi hissənin arsenalındakı silah-sursat, mühəndis, rabitə cihazları, avadanlıqlar, səyyar təşviqat guşələri və s. ilə tanış olublar. Tanışlıqdan sonra şagirdlər hərbi qulluqçularla birgə nahar ediblər.
Hərbi hissədə təşkil olunan konsert proqramında iştirak edən şagirdlər hazırladıqları məktubları da əsgərlərə veriblər. Sinif rəhbəri Gülnarə Quliyeva tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və liseyin direktoruna, eləcə də hərbi hissənin komandirinə minnətdarlığını bildirib. Qeyd edib ki, belə tədbirlərin və ekskursiyaların təşkili ordu-xalq əlaqələrinin möhkəmlənməsində, suverenliyimizin qarantı olan ordumuza inamın və ehtiramın aşılanmasında, şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb edir.
Şagirdlərdən Said Babayev, Rəşad Yadullayev, Murad Bayramov, Əlinaqi İsmayılov və digərləri Vətənə olan sevgilərindən söz açıblar. Bildiriblər ki, hərb sənətinə maraqlarının artırılmasında belə ekskursiyaların təşkil olunması böyük əhəmiyyət kəsb edir. Onlar yeni-yeni vərdişlər əldə edir, hərb sənətinin sirlərini öyrənirlər.
Sifai SƏFƏROVA