“Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda


AMEA Naxçıvan Bölməsində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi konfrans keçirilib.

 

Əvvəlcə faciə qurbanlarının və bütünlüklə Vətən uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən faciələrin mahiyyətindən, əhatə sahəsindən, məqsəd və nəticələrindən danışıb. Bildirib ki, “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün böyük dövlətlərin dəstəyi ilə azərbaycanlılara qarşı tarixdə mərhələlərlə vəhşiliklər törədiblər.

 

Qeyd olunub ki, azərbaycanlılara qarşı planlı şəkildə ermənilərin həyata keçirdikləri soyqırımı siyasətində 1918-ci ilin mart ayında Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərində, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda, ümumilikdə azərbaycanlılar yaşayan başqa bölgələrdə dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınlar törədilib, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış yerləri talan edilib.

 

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixində “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərman iki əsr ərzində Azərbaycan xalqına qarşı törədilən vəhşilikləri bugünkü və gələcək nəsillərə, bütün dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edən bir sənəddir. Bununla yanaşı, Prezident İlham Əliyevin “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci ildə imzaladığı Sərəncam yüz illərlə xalqımıza qarşı törədilən qəddar cinayətlərin köklərinin gercəkliyi ilə öyrənilməsi və təbliğ edilməsində əvəzsiz tarixi-siyasi əhəmiyyətə malikdir.

 

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri və onların mahiyyəti”, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev “1918-1920-ci illərdə ermənilərin Naxçıvanda törətdiyi faciələr”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyası və onun acı nəticələri” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Azərbaycanlıların soyqırımı: alın yazısından elin yazısına” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Konfransda 31 mart Azərbaycanlıların Soyqırımı Günü və Xocalı soyqırımına aid real faktları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət video- görüntü nümayiş etdirilib.

 

Qeyd edək ki, bölmənin Mərkəzi Elmi kitabxanasında 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kitab, qəzet, jurnal və toplu materiallarından ibarət sərgi də təşkil olunub.