Yeni əlyazmalar Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fonda hədiyyə edilib


AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan 9 ədəd yeni qədim çap kitabı və əlyazma daxil olub. Yeni əlyazmalar Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əldə olunaraq fonda hədiyyə edilib.

 

Bu münasibətlə təşkil olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada qədim əlyazma və çap kitablarının toplanılması istiqamətində görülən işlərdən danışıb. Akademik 10 ildən artıqdır fəaliyyət göstərən Əlyazmalar Fondunda əlyazmaların toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması və tədqiqinin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, fondda mühafizə olunan əlyazmaların bəziləri Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədri cənab Vasif Talıbov tərəfindən hədiyyə olunub. 

 

İsmayıl Hacıyev müəssisədə qorunub saxlanılan əlyazmaların bir qisminin fondun əməkdaşları tərəfindən ekspedisiyalar zamanı toplanıldığını, bir qisminin isə müxtəlif təşkilatlar, eləcə də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunduğunu diqqətə çatdırıb.

 

Sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bu diyarda mədəniyyət sahələrinə göstərilən diqqət və qayğıdan danışıb. O, tariximizin, mədəniyyətimizin dünyada tanıdılmasında önəmli rol oynayan mədəniyyət ocaqlarının dövlətimizin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

 

Muxtar respublika sakinlərinin yaxından iştirakı, vətəndaşların səmərəli fəaliyyətləri nəticəsində fondlarının xeyli zənginləşdiyini deyən Natəvan Qədimova ötən il muzeylərinin fonduna 1340, bu ilin 3 ayında isə 400-dən çox eksponatın daxil olduğunu bildirib. Qeyd edib ki, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon sakinləri Şəbnəm Rüstəmli, Züleyxa Cəfərova və Nazilə Bağırova tərəfindən nazirliyə təqdim olunan “Məhəmməd Tağı Sidqinin bəzi şeirlərinin avtoqrafı”, Camo Cəbrayılbəylinin yazdığı “Elmi heyvanat” dərsliyi, “Qurani Kərimin fars dilində təfsiri” və Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan digər dini hökümlərə aid kitablar Əlyazmalar Fonduna verilib.

 

Daha sonra bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisədə qədim çap kitablarının və əlyazmaların tədqiqi istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, fondda nadir sənət nümunələrinin kataloqlaşdırılması həyata keçirilir, o cümlədən əlyazmaların ilkin tədqiqi aparılır. Əlyazmalar arasında Azərbaycan, türk, fars, ərəb və başqa dillərdə xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini, ümumiyyətlə elmin bütün sahələrini əhatə edən qədim çap kitab və əlyazmaları vardır.

 

Fondda Naxçıvanın elm, ədəbiyyat, mədəniyyət və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması işinə də başlanıldığını deyən Fərman Xəlilov artıq burada XX əsrin 20-70-ci illərində Naxçıvanın ictimai-siyasi, elmi və ədəbi-mədəni mühitində özünəməxsus izi olan Seyid Səbri (Əsədli) Mirsadıq oğlunun şəxsi arxivinin yaradıldığını diqqətə çatdırıb.

 

Tədbirdə Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon sakini Züleyxa Cəfərova çıxış edərək maddi-mədəniyyət ocaqlarında yaradılan şəraitdən bəhs edib, milli dəyərlərimizin qorunması, inkişaf etdirilməsinin vacibliyindən danışıblar.

 

Sonda tədbir iştirakçıları Əlyazmalar Fondunda mühafizə olunan əlyazmalarla yaxından tanış olublar.