Açılış mərasimində universitet alimlərinin il ərzində apardıqları elmi tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları dinlənilib
Martın 27-də Gəncə Dövlət Universitetində Elm Günü münasibətilə akademik heyətin son illər ərzində apardığı elmi tədqiqat işlərinin nəticələri və nailiyyətlərinin sərgisi təşkil olunub.
Sərgidə universitetin fakültələri üzrə kafedra və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri nəticəsində nəşr edilmiş kitablar, yüksək impakt faktorlu jurnallarda dərc olunmuş məqalələr, monoqrafiya və dərsliklər, eləcə də dünyanın nüfuzlu alimlərinin əsərlərinin tərcümələri nümayiş olunub.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə sərginin əhəmiyyətindən bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli sərəncamı Azərbaycan elminə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Belə bir günün təsis edilməsinin elm adamlarının qarşısında daha ciddi vəzifələr qoyduğunu deyən deputat qeyd edib ki, Gəncə Dövlət Universiteti respublikamızın qərb bölgəsində yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, burada elmi kadrların hazırlığı da həyata keçirilir. Belə ki, ali təhsildən sonrakı səviyyədə 30-dan artıq ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Hər tədris ilində profıl üzrə doktoranturaya qəbul aparılır. Hazırda fəlsəfə doktoru proqramı üzrə 55 nəfər doktorant təhsil alır ki, onlardan da 3 nəfəri əcnəbi vətəndaşlardır. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada 81 dissertant, elmlər doktoru proqramı üzrə isə 13 nəfər dissertant qeydiyyatdadır.
Universitetdə elmi dərəcə alanların sayının ildən–ilə artdığını deyən Pərvin Kərimzadə ali təhsil müəssisəsinin kadr potensialının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Vurğulanıb ki, məhz universitetin Elmi Şurasının qərarına və rektorun müvafiq əmrinə əsasən fəlsəfə doktoru proqramı üzrə müdafiəsinin təsdiqini alan əməkdaşlara birdəfəlik olaraq 500 AZN, elmlər doktoru proqramı üzrə müdafiəsinin təsdiqini alan əməkdaşlara isə birdəfəlik olaraq 1000 AZN pul mükafatı verilməsi, xarici mübadilə proqramlarından yararlanmasına şəraitin yaradılması, sənədləşmə işlərində əvvəlki illərdə mövcud olan bürokratik əngəllərin aradan qaldırılması, müdafiə etdikdən sonra vəzifələrə gənclərin irəli çəkilməsi bu sahədə inkişafa nail olunmasına səbəb olub.
Görülmüş tədbirlər nəticəsində son 3 ildə əvvəlki illərə nisbətən tədris vəsaitlərinin və elmi nəşrlərin sayı artıb. Eyni zamanda əməkdaşlar tərəfindən istər respublikada, istərsə də xaricdə dərc edilən elmi məqalələrin sayında artım qeydə alınıb.
Bildirilib ki, universitetin əməkdaşları tərəfindən yazılmış məqalələr Thomson Reuters Agentliyinin “Web of Science” bazasına daxil olan nəşrlərdə dərc edilir. Dünyada məşhur elmi istinad indeksi olan bu platformaya daxil olan jurnallarda məqaləsi çap olunmuş əməkdaşlara universitetin Elmi Şurasının qərarına və rektorun müvafiq əmrinə əsasən jurnalların kateqoriyasından asılı olaraq 300-800 AZN pul mükafatı təsis edilib.
Sonda universitet alimlərinin il ərzində apardıqları elmi tədqiqat işlərinin nəticələrinə və nailiyyətlərə həsr olunmuş çıxışları dinlənilib.