Maaşının 80 faizini şagirdlərinə xərcləyən Piter uşaqlarda elmə sevgi oyadacağına ümid edir
Keniyalı müəllim Piter Tabiçi Dubayda 2019-cu il üzrə Dünya Müəllim Mükafatının (Global Teacher Prize) sahibi elan olundu. Dünyanın 50 ən yaxşı müəllimi arasından seçilən Piter Tabiçi 1 milyon dollar qazanıb. Mükafatlandırma mərasimində Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum iştirak edib. BBC-nin məlumatına əsasən, 36 yaşlı Piter Tabiç Keniyanın kənd orta məktəbində təbiət elmləri üzrə dərs keçir və maaşının 80 faizini kasıb ailələrdən olan şagirdlərinin məktəbli formasına və dərsliklərinə xərcləyir. Onların bəziləri valideynlərini itiriblər. P.Tabiçin yaşadığı Pvani kənd məktəbində vəsait daim çatışmır. Tabiçin sözlərinə görə, məktəbdə müəllimlərin və məktəb vəsaitlərinin güclü çatışmazlığı hiss olunur. Siniflərdə 70-80-ə qədər şagird var. Uşaqların çoxu hər səhər məktəbə yetişmək üçün piyada 6 km yol qət etməlidir.
"Pul - hər şey deyil", - deyə Piter bildirir. O, uşaqlarda elmə sevgi oyadacağına ümid edir.
Qeyd edək ki, "Müəllimlərin Nobeli" adlandırılan Global Teacher Prize mükafatını hər il təhsilə, fəaliyyətləri ilə müəllimliyə xüsusi dəyər qatan müəllimlər qazanır. Məqsəd müəllimləri təşviq etmək, şagirdlərə ilham olan müəllimlərin fəaliyyətlərini dəyərləndirmək və dəstək olub dünyada tanıtmaqdır. "Müəllimlik dünyanın ən önəmli peşəsi olmalıdır və onlara lazımlı hörmət göstərilməlidir"- mükafatın əsas qayəsi budur. Əvvəlcə bütün dünyadan ən yaxşı 50 müəllim, daha sonra ən yaxşı 10 müəllim seçilir. On müəllim arasından isə 1-ci olan müəllim 1 milyon dollar mükafat qazanır.
Məlumat üçün deyək ki, Azərbaycandan indiyədək sadəcə bir müəllim - Məhəmməd Qarakişiyev 2014-cü ildə ilk 50-liyə düşə bilib.
Qeyd edək ki, mükafat hindistanlı biznesmen Sanni Varkeyin adını daşıyan "Sanni Varkey" Xeyriyyə Fondu tərəfindən təsis olunub.
Oruc MUSTAFAYEV