Naxçıvan  Dövlət  Universitetində  qədim tarixi ənənəsi olan Novruz bayramı tədbirlərinin  yekunu olaraq ümumuniversitet Novruz şənliyi keçirilib.  Bayram tonqalı yandırıldıqdan sonra İncəsənət fakültəsində  təşkil edilən sərgiyə baxış olub.

 

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bayram münasibəti ilə universitetin müəllim-tələbə heyətini təbrik edib, xalqımızın  milli dəyərlərə önəm verməsi baxımından Novruzun  keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi Novruz  bayramı özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. 

 

“Jurnalistika və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemət “Naxçıvanda Novruz adət-ənənələri” adlı çıxışında  qədim Novruz  bayramı münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs edib.

 

Tədbir İncəsənət fakültəsi tələbələrinin hazırladığı bayram konserti ilə davam edib.