Tələbələr bu dəfə Cəlil Məmmədquluzadənin “Hekayələr”ini təhlil ediblər


Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Cəli Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub.

 

Tədbiri  açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi haqqında” sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini vurğulayıb.

 

“Jurnalistika və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov  oxunması zəruri olan kitabların siyahısında Mirzə Cəlil hekayələrinin yer almasını ədibin irsinə verilən  yüksək qiymətin təzahürü kimi dəyərləndirib. Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığından bəhs edilib.  Bildirilib ki, qüdrətli qələm ustasının zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir.  

 

Ədibin hekayələrinin müzakirəsində yaxından iştirak edən tələbələr  Mirzə Cəlilin “Anamın kitabı” povestini də bədii təhlil ediblər. Rektor belə müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.