ADAU-nun mətbuat xidmətindən bildirilib ki, aprel döyüşlərinin ildönümü ilə əlaqədar təhsil müəssisəsində “İctimai elmlər və multikulturalizm” kafedrasının əməkdaşları tədbir keçirib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan kafedra müdiri, professor Azad Bayramov aprelin 2-dən 5-dək davam edən döyüşlər zamanı ordumuzun qətiyyətindən, hər an torpaqlarımızı azad etmək əzmindən danışıb. Professor deyib ki, həmin döyüşlərdə Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyi də bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin işğal olunan ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib.
Kafedranın müəllimlərindən Ə. Kazımov, E. Aslanov, tələbələrdən A. Musayev, O. Muradzadə, H. Məmmədov və A. Novruzova millətimizə şərəf, ordumuza qürur verən döyüşün tarixi mahiyətindən söz açıb, qələbəyə gedən yolda Prezident, Ali Baş Komandan İlham Əliyevin gördüyü işləri faktlarla auditoriyaya çatdırıblar. Bildiriblər ki, düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Ən başlıçası aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox mətləblərə aydınlıq gətirdi. Gücümüz dünyaya bəyan oldu.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov toplantıya yekun vuraraq deyib ki, 4 günlük döyüşlərdə Azərbaycan ordusu 2000 hektar ərazisini işğaldan azad edib. Məlum aprel hadisələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, sözün həqiqi mənasında, dönüş nöqtəsi oldu. Bu döyüşlər həm də tərəflərin nəyə, hansı gücə və potensiala malik olduğunu açıq şəkildə göstərdi. Aprel döyüşləri Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalan ölkələri ilə müqayisə etmək olar. Sevidirici haldır ki, bu gün Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan ordusunun qüdrətlənməsi və inkişafı ilə bağlı ən önəmli və danılmaz fakt isə ondan ibarətdir ki, cənab Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır.