100 yaşlı maarif işığı


Yolumuz Bakıdan 470 kilometr məsafədə, Azərbaycanın Ermənistan və Gürcüstanla sərhədində yerləşən Qazaxadır. Yel çərşənbəsində özümüzə yel sürəti arzulayıb yola çıxdıq. Başqa heç cür eyni gündə Qazaxa gedib qayıtmaq olmazdı.

 

Yolumuz uzun olsa da, məramımız böyük, 100 ilin işığı qədər parlaqdır. Qazaxda “Novruz mühazirələri”ni dinləyəcəyik.

 

Bu məqamda qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır. Budəfəki mövzu da maraqlıdır: Qazax Müəllimlər Seminariyası.

 

 

Qazax Müəllimlər Seminariyası üçün 100 ağac

 

 

Qazaxda yazın nəfəsi artıq hiss olunur. Qazax şəhəri 2 nömrəli orta məktəbin həyətində isə əsl yaz mühiti var. Qələbəlikdir. Hər kəs əlində bel, kürək, vedrə, ting və hələ kökü torpağa sarılmadığından zəif görünən “körpə”ləri yelin qəzəbindən qoruyacaq taxta parçaları ilə böyük bir ərazidə canfəşanlıqla çalışır.

 

Bu gün burada 100 körpə ağac torpağa basdırılacaq. Alma, armud, şaftalı, xurma, heyva, nar... “Meyvələrdən 3 meyvə var”, - deməyib, bar verən hər ağacdan bu torpağa kök salmaq, o bağa gözü kimi baxıb ağacların illər keçdikcə böyüyən kölgəsini görmək, barını dərmək burda əlində bel tutan hər kəsin arzusudur. Kölgəsi böyüyüb barı çoxaldıqca hansı məqsəd üçün salındığı unudulmasın deyə bir lövhə də vurulacaq. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sözlərinə görə, bu bağ böyüdükcə Qazax seminariyasının xatirəsi də böyüyəcək. 2 nömrəli tam orta məktəb də daxil olmaqla, Qazax rayonunda yetişən bundan sonrakı nəsillər məşhur Müəllimlər Seminariyasını burada tanıyacaq, burada xatırlayacaqlar.

 

 

Qazax Müəllimlər Seminariyasının elm və təhsilin inkişafında xüsusi xidməti

 

 

Qazaxın sayılıb-seçilən məktəblərindən biri olan 2 nömrəli orta məktəbin akt zalı tam dolub. Kimlər yoxdur ki?! Təhsil Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, professor Ədalət Tahirzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Ayna.az” saytının təsisçisi Elçin Şıxlı, rayonun pedaqoji ictimaiyyəti, media nümayəndələri, ən əsası, Qazax Müəllimlər Seminariyasının davamçısı olan Qazax Pedaqoji Texnikumunun məzunları... Tədbirdə onlar 5 nəfərdir: Ağakişi İsmayılov, Nəbi Nəbiyev, Sürəyya Qurbanova, Nuşirəvan Xəlilov və Nümayəndə Hüseynova. Qazax seminariyasının adına əkilən hər ağacın, deyilən hər sözün dəyəri onlar üçün sözlə ifadə edilməyəcək qədər böyükdür.

 

Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev Qazax Müəllimlər Seminariyasının elm və təhsilin inkişafında xüsusi xidməti olduğu qənaətindədir. Onun sözlərinə görə, Qazax tarixən maarifçilik ənənələri ilə tanınıb və bu ənənə indi də davam edir. Ə.Quliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncamından dərhal sonra  Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq olunduğunu, bu planın uğurla həyata keçirildiyini bildirdi. Qazaxda keçirilən “Novruz mühazirələri” də bu planın bir parçasıdır.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi qayğıdan, həyata keçirilən islahatların əhəmiyyətindən danışdı. İslahatların Qazax rayonunda uğurlu nəticələrini xüsusi qeyd etdi. Qazax Müəllimlər Seminariyasının Azərbaycan kəndlərində savadsızlığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayan icra başçısı bu ənənəni indi də yaşatdıqlarını, bunun nəticəsidir ki, məktəblərdə davamiyyətin 95 faiz olduğunu xüsusi vurğuladı.

 

 

2862 nəfər pedaqoji mütəxəssis hazırladı

 

 

Akademik Nizami Cəfərov “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi”ndə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin və onun varisi olan Qazax Müəllimlər Seminariyasının fəaliyyətini yüksək dəyərləndirdi. Onun fikrincə, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən biridir: “Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Azərbaycanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlanıb. Son hesablamalara görə, Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlayıb. Seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış sima var”.

 

 

Qazax Müəllimlər Seminariyası öz missiyasını uğurla başa vurdu

 

 

Sonra çıxış edən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə çar Rusiyasında ali təhsil alan müsəlmanların əksəriyyətinin azərbaycanlılar, onların arasında qazaxlıların da kifayət qədər olduğunu vurğuladı. Onun sözlərinə görə, təhsilli qazaxlıların çoxluğunun təsiri Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda dövlətin idarə olunmasında da görünüb: “Ən mühüm dövlət orqanlarında qazaxlılar rəhbər vəzifələrdə çalışırdılar”.

 

Tədbirdə səslənən fikirlərdən biri isə Qazax Müəllimlər Seminariyasının missiyasını başa vurması ilə bağlı oldu. Sonradan Qazax Pedaqoji Məktəbi adlanan Qazax Müəllimlər Seminariyasının fəaliyyətini dayandırması zəifləyərək sıradan çıxması ilə deyil, öz missiyasını başa çatdıraraq estafeti 2 illik Müəllimlər İnstitutuna verməsi ilə əlaqələndirildi.

 

Seminariyanın 90 yaşlı məzunu Nuşirəvan Xəlilov Qazax Müəllimlər Seminariyasının missiyasından danışaraq dedi ki, təhsil ocağının fəaliyyəti Ermənistan və Gürcüstanda yaşayan azərbaycanlıların təhsil almasını asanlaşdırdı. Özünün təhsil almaq üçün hər gün yaşadığı Daşsalahlı kəndindən piyada gəlib-qayıtdığını vurğulayan Nuşirəvan müəllim təhsil aldığı illəri xatırlatdı.

 

 “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə riyaziyyatçı qazaxlıların da şeirə, ədəbiyyata bağlılığını Qazax Müəllimlər Seminariyasının qoyduğu ənənə ilə izah etdi. Bu ənənə o qədər möhkəm olub ki, hələ də davam edir.

 

“Ayna.az” saytının təsisçisi Elçin Şıxlı 50 ilə yaxın müəllim olan atası İsmayıl Şıxlıdan sitat gətirərək, “Savadsız həkim 5-10 nəfəri şikəst edər, amma savadsız müəllim bütöv bir nəsli şikəst edir” deyərək ölkəmizdə pedaqoji kadr hazırlığı ənənəsinə, bunun əhəmiyyətinə diqqət çəkdi. Qazax Müəllimlər Seminariyasının hazırladığı pedaqoji kadrlarının sonrakı nəslin yetişməsindəki rolunu yüksək qiymətləndirdi.

 

Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub. Tədbirdə  “Novruz mühazirələri”nin belə vacib məsələlərə həsr edilməsinin əhəmiyyəti xüsusi qeyd edilib, seminariyanın xalqımızın milli özünüdərkinin formalaşmasındakı rolu vurğulanıb.

 

 

Bayramda “Dost xonçası”

 

 

Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən “Novruz mühazirəsi” çərçivəsində Qazax Müəllimlər Seminariyasının məzunlarına bayram hədiyyələri təqdim edildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı ilə əlaqədar tənha, ahıl və yaşlı insanları əhatə edən bayramlaşma kampaniyası çərçivəsində seminariyanın məzunları olan Ağakişi İsmayılov, Nəbi Nəbiyev, Sürəyya Qurbanova, Nuşirəvan Xəlilov və Nümayəndə Hüseynovaya “Dost Xonçası” təqdim olundu.

 

 

Qazaxın qəhrəmanlıq ocağı

 

 

Xalqımız üçün elm, mədəniyyət, təhsil ocağı qədər qəhrəmanlıq ocağı da daim müqəddəs sayılıb. Hər ikisi qorunub, hər ikisi ziyarət olunub. Qazax rayonunun qürur mənbəyi olan 285 şəhidi var. Şəhidlərinin 192-si gənclərdir. Qazaxın adı ilə öyündüyü 7 Milli Qəhrəmanı da daxil olmaqla, 285 şəhidini eyni gündə ziyarət etmək, hər birinin xatirəsini anmaq üçün artıq bir ziyarətgah var. Qazaxda yeni tikilən “Şəhidlər Xiyabanı” şəhidləri birləşdirən və şəhidliyə münasibəti ifadə edən bir ziyarətgaha çevrilib. Şəhidlər üçün daim yanan əbədi məşəl onların hər birinin qəhrəmanlıq hekayəsini danışır. Şəhər əhalisinin 285 şəhidin adını bilib, üzünü tanıyacağı ziyarətgahı Qazax Müəllimlər Seminariyasının işığına toplaşanlar da ziyarət etdi. Şəhidlərin xatirəsinə yaradılan məşəl önünə tər qərənfillər düzən qonaqlar Xiyabanın qarşısındakı “Şəhidlərin qız qardaşı” bulağından su içib, şəhid Vəfa Mansurovanı da hörmətlə andılar.

 

 

2 əsrin təhsil müəssisələrini birləşdirən “Xiyaban”

 

 

Qonaqları “Şəhidlər Xiyabanı”ndan sonra Qazax Müəllimlər Seminariyasının ilk binasını ziyarət gözləyir.

 

Qəribədir, elə deyilmi? Nəinki rayonda, hətta ölkəmizdə XXI əsrin ən müasir təhsil komplekslərindən biri sayılan Qazax şəhər 2 nömrəli orta məktəbi və XX əsrin ən tərəqqipərvər təhsil ocağı olan Qazax Müəllimlər Seminariyasını birləşdirən “yol”da “Şəhidlər Xiyabanı” yerləşib.

 

100 il əvvəl fəaliyyət göstərmiş bir təhsil ocağının işığının bu günümüzü işıqlandırmasında, yeni nəsli bu gün müstəqil dövlətdə, 2 nömrəli məktəb kimi ən müasir təhsil müəssisəsində yetişdirməyimizdə, uzun sözün qısası, 100, 1000 ilin ənənələrini bu günümüzə daşıya bilməyimizdə məhz o şəhidlərə borclu deyilikmi?

 

Beləliklə, böyük bir ziyalı nəslinin yetişməsinə vəsilə olan binaya üz tuturuq.

 

 

Qazax Müəllimlər Seminariyasının ilk binası

 

 

Qazaxın ən görməli yerindədir Qazax Müəllimlər Seminariyasının ilk binası. Ənənələri yaşadıldığı kimi, binası da sağ-salamatdır. Zaman aşımına uğradığı, ilk görkəmini itirdiyi doğrudur. Ancaq missiyasını davam etdirir. Yenə bu binaya müəllim və şagirdlər gəlir. Yenə burada bir nəsil yetişir. Hər gün bir hərf, bir söz, bir cümlə öyrənirlər. Yetişməkdə olan bu nəsil Yuxarı Əksiparadan məcburi köçkün olan ailələrin uşaqlarıdır.

 

Qazax Müəllimlər Seminariyasının 17 otaqdan ibarət binasına sonradan əlavələr olunaraq otaqlarının sayı çoxaldılıb. R.Babaşovun dediyinə görə, binanı bərpa etmək barədə artıq qəti qərar var. Tezliklə bu istiqamətdə real addımlar atılacaq: “Aprel ayından başlasaq, 3-4 aya tamamlayacağıq. Muzey yaradılacaq və Qazax Müəllimlər Seminariyasının ilk binası olaraq qorunacaq”.

 

Qazax Müəllimlər Seminariyası tarixdəki mövqeyini, xalqın ürəyindəki mənəvi dəyərini qoruyub saxladığı kimi, səliqəli görkəminə də qovuşacaq.

 

 

Qazaxda yanmağa başlayan işıq

 

 

Seminariyanın dəmir qapısının qarşısında tonqal qalandı. Tonqala od salmaq missiyası rayonun fəxri olan yetirmələrinə, görkəmli şəxslərinə həvalə edildi. Tonqal alışmağa başlayanda Novruz əhvali-ruhiyyəsi hər kəsi ruhlandırdı. Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin Azərbaycan folklorundan səsləndirdiyi nümunələr, söylədikləri şeirlər, oxuduqları mahnılar tədbirə rəng qatdı, yeni günün başladığına, gələcəyimizin sağlam nəslin əlində olduğuna inam yaratdı.  

 

Yel çərşənbəsində qalanan Novruz tonqalı alovlandıqca ətrafa sadəcə istiliyini deyil, qığılcımlarını da yaydı. 100 yaşlı maarif işığına yığışanların ətrafına yığışdığı bu tonqalın da öz missiyası var: Alovundan ətrafa saçılan qığılcımları, qoy, yel hər tərəfə yaysın. 100 il əvvəl Qazaxda yanmağa başlayan bu işıqdan ölkəmizin hər yanına pay  düşsün.

 

 

Ruhiyyə DAŞSALAHLI