Ayşən Məmmədova: “Gənc müəllim kimi qarşıma qoyduğum məqsədlərim var”


Ayşən Məmmədova 1993-cü ildə Göygöl rayonunda anadan olub. 2011-ci ildə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tarix müəllimliyi ixtisasına qəbul olub. 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində 56 bal toplayaraq Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb.

 

 

-  Ayşən xanım, müəllimlik  peşəsinə sizdə maraq necə yaranıb?

 

- Təbii ki, dünyada gözəl, nəcib peşələr çoxdur. Lakin bütün peşələrin fövqündə dayanan müqəddəs bir  peşə isə müəllimlikdir. Bütün peşə sahibləri öz sənətlərinin sirlərini məhz müəllimdən öyrənirlər. Mənim də bu peşəyə marağım orta məktəb illərindən yaranıb. Həmçinin tarix fənnini də, elə həmin vaxtlardan sevmişəm. Bu gün isə azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirmək, onlar tərəfindən sevilmək mənim bu peşəyə marağımı və sevgimi daha da artırır.

 

- Belə bir fikir var ki, hər bir müəllim öz fənnini ən yaxşı fənn hesab edir. Bəs, sizcə, müəllimlərin öz fənlərinə olan marağı necədir?

 

- Tədris prosesində layiqli vətəndaşlar yetişməsi işində tarix fənninin rolu danılmazdır. Bildiyimiz kimi, tarix keçmişin elmidir. Bunun üçün də  keçmişini bilməyən, tanımayan bir xalq gələcəyini də öyrənə bilməz. Mən də bunu əsas tutaraq şagirdlərimin öz xalqının tarixi ilə öyünən, keçmişdə buraxılan səhvlərdən nəticə çıxara bilən şəxsiyyət kimi formalaşmasına çalışıram. Həmçinin tarix elə bir fəndir ki, insan öyrəndikcə daha çox maraq yaranır və daha çox öyrənmək istəyirsən.

 

- Müəllim olmaq sizin üçün nə deməkdir?

 

- Müəllim bir memar, bir mühəndisdir ki, insanlara  düşüncələrini, ağıllarını  formalaşdırmaqda istiqamət verir. Müəllim olmaq mənim üçün peşəmi, şagirdlərimi, fənnimi, həmçinin işlədiyim müəssisəni sevməyim deməkdir. Müəllim öz peşəsini sevmirsə, təhsil alanlarını bir şəxsiyyət kimi qəbul etmirsə, fənnini sevdirməyi bacarmırsa, öz müəssisəsinin adını uca tuta bilmirsə, o, yaxşı müəllim ola bilməz. Müəllim ikinci valideyn deməkdir. Müəllim şagirdləri ilə səmimi, qayğıkeş, diqqətli olmalıdır. Həmçinin müəllim təkcə məktəbdə yox, hər yerdə  müəllim olduğunu unutmamalıdır. Daima xalqı üçün xeyirli olmağa çalışmalıdır.

 

Həyatımda elə bir müəllim olmayıb ki, mən onu sevib minnətdar olmayam. Təbii ki, onlardan özümə nümunə hesab etdiyim isə ilk müəllimim olub. Çünki heç zaman ilk müəllim unudulmur.

 

- Bir müəllim üçün ən gözəl hədiyyə, sizcə, nədir?

 

- Təbii ki, bir müəllim üçün ən gözəl hədiyyə şagirdlərinin vətənpərvər, humanist, tolerant, bir şəxsiyyət kimi yetişməsidir. Həmçinin şagirdlərimin məni və fənnimi sevməsi məni hədsiz xoşbəxt edir. Həqiqətən də, müəllim üçün bu sevginin özü  ən gözəl hədiyyədir.

 

- Tarix fənni  keçmişimizi bizə  öyrədir,  bəs şagirdlərinizin bu fənnə münasibəti necədir?

 

- Təbii ki, hər bir şəxs üçün keçmişini öyrənmək maraqlı və vacibdir. Həmçinin düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında  mühüm vasitədir. Mən şagirdlərimlə qarşılıqlı anlaşma yaratmışam. Şagirdlərimin təkcə müəllimi yox, həmçinin dostuna çevrilmişəm. Təbii ki, əgər şagirdlər müəllimi sevirlərsə, onun fənnini də sevirlər.

 

- Təhsilimizdə gənc müəllimlərimizin sayı kifayət qədər çoxdur.  Sizcə, gənc müəllimlərlə şagirdlərin münasibət qurmasında problem yaşanırmı?

 

- Həqiqətən də işini yeni təlim üsulları üzərində quran, fəal təlimi daimi iş prinsipinə çevirən gənc müəllimlərimizin sayı kifayət qədərdir. Təbii ki, şagirdlərə yeni, fərqli bir sima ilə tanış olmaq və onunla işləmək daha maraqlı gəlir. Yeni müəllimlə tanışlıq onlarda özünəməxsus xarakterlərin formalaşmasında mühüm rol oynayır. Mən düşünürəm ki, əgər müəllim şagirdinə sevgi və hörmət ilə yaxınlaşarsa, müəllim və şagird arasında  da  heç  bir  problem  olmaz.

 

- Gənc müəllim kimi gələcək planlarınız nədən ibarətdir?

 

- Təbii ki, mənim də hər bir gənc müəllim kimi qarşıma qoyduğum məqsədlərim var. Əsas məqsədim tariximizi şagirdlərimə sevdirmək, dərindən mənimsətmək və xalqının tarixi ilə fəxr edən şəxsiyyətlər yetişdirməkdir. Həmçinin tarixini kitablardan öyrəndiyim Dağlıq Qarabağımı öz gözlərimlə görmək, şagirdlərimlə birlikdə tarixi abidələrimizi gəzmək ən böyük arzumdur.

 

 

Raminə MƏMMƏDOVA,

Gəncə Şəhər Təhsil İdarəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi