Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin  fəalları Heydər Əliyev adına 78  nömrəli məktəbdə və uşaq evində olublar

 

Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URANKA) fəalları Novruz bayramı ərəfəsində Heydər Əliyev adına 78  nömrəli məktəbdə və uşaq evində olublar. Diaspor nümayəndələri böyük yaradıcı-maarifçilik proqramı hazırlayıblar. Onlar uşaqlara Azərbaycan və onun paytaxtı Bakı haqqında danışıb, ölkəmizin himni və bayrağın mənasını, milli ənənələrin əhəmiyyəti, Azərbaycan mətbəxinin zənginliyini izah ediblər. Sonra rəngarəng musiqi nömrələri nümayiş olunub. URANKA-nın sədri İslam Hüseynov deyib:

 

-Bizim muxtariyyət bir neçə uşaq evi ilə dostluq edir, 78 nömrəli məktəblə xüsusi münasibətlərimiz var, axı o, xalqımızın ümummilli liderinin adını daşıyır. Belə görüşlərin hər biri uşaqlara dostluq, qarşılıqlı hörmət, milli fərqlərə qarşı dözümlülük prinsiplərini aşılamağa imkan verir. Bu dəyərlərin əsası erkən yaşda qoyulmalıdır. Məktəbdə bizi köhnə dostlar kimi tanıyır və qəbul edirlər. Uşaq evində isə ilk dəfə olduq. Uşaq evinin əməkdaşları və orada tərbiyə alanlar bizi böyük maraq və sevinclə qarşıladılar. Fikrimcə, onların hər biri Azərbaycan xalqının qəlbindəki hərarəti və xeyirxahlığı hiss edir.

 

Qeyd edək ki, diaspor fəalları məktəbin şagirdlərinə və müəllimlərinə şirniyyat, uşaq evinə isə idman geyimi dəstləri hədiyyə ediblər. Uşaq evində görüşün sonunda azərbaycanlı gənclər balacalarla futbol oynayıb.  

 

 

Sifai SƏFƏROVA