Azərbaycan Elm Assosiasiyası tələbələr üçün təlim keçirib
İnformasiya toplamaq, elmi məzmunlu məsələləri araşdırmaq və mülahizələr ərsəyə gətirmək bir ayrı, onları elmi məqalə və dissertasiya formasında yazmaq isə başqa bir məharət tələb edir. Hazırda Azərbaycanın elmi tədqiqat və ali təhsil müəssisələrində ən aktual mövzulardan biri məhz elmi məqalə və dissertasiyaların yazılma qaydalarının öyrənilməsidir.
Mövzunun universitet tələbələri üçün aktuallığını və geniş araşdırma əhəmiyyəti kəsb etməsini nəzərə alan Azərbaycan Elm Assosiasiyası (ASA) və "IB Club" nun təşkilatçılığı ilə gənc tələbə tədqiqatçılar üçün "Elmi məqaləni necə yazmalı?" adlı təlim keçirmişdir. Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu, Azərbaycan Elm Assosiasiyasının həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazovdan aldığımız məlumata görə, əsasən tələbələr üçün nəzərdə tutulan təlimdə fundamental məsələlər - elmi məqalələrin yazılma qaydaları, texniki və metodiki işlər və s. izah edildikdən sonra nümunələr əsasında bəhs olunan məsələlər əyani formada gənclərə izah edilmişdir. Bununla yanaşı, məqalə üçün münasib jurnalların seçilməsi və ümumiyyətlə, məqalə yazmaq üzrə mövcud dünya praktikası (məqalənin qəbul prosesi, yazı üslubu və s.) da dinləyicilərin diqqətinə çatdırılmışdır. Sonda isə müzakirə və sual-cavab sessiyası təşkil edilmişdir.
Oruc MUSTAFAYEV