Hüseyn Abdulla, ABŞ-ın Texas A&M Universitetinin doktorantı: “Elmdə məni ən çox cəlb edən biliyin istehsalçısına çevrilməyin gətirdiyi intellektual həzzdir”
Dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin elmi-tədqiqat sahələrinə maraq göstərməsi və ciddi uğurlara imza atması hər birimizi sevindirir. Reytinqli universitetlərdə yüksəkixtisaslı peşəkarlar kimi yetişən və elm sahəsində öz sözünü deyə biləcək gənclərimizin hər biri ölkəmizin intellekt potensialıdır. Bu dəfə onlardan biri ilə - hazırda ABŞ-ın Texas A&M Universitetində doktorant təhsili alan Hüseyn Abdulla ilə söhbətləşirik.
Tanıtım. Hüseyn Abdulla 1994-cü ildə Bakıda anadan olub. 2011-ci ildə 72 nömrəli məktəb-liseyi qızıl medalla bitirib. Ali məktəblərə qəbul imtahanlarında 690 bal toplayaraq Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti) sənayenin təşkili və idarəolunması (ingilis dilində) ixtisasına qəbul olunub. Prezident təqaüdünə layiq görülülb. 2015-ci ildə ali məktəbdən ən yüksək akademik göstərici ilə “Universitet birincisi” kimi məzun olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-da Berkli Kaliforniya Universitetini “Sənaye mühəndisliyi və əməliyyatlar tədqiqi” üzrə magistr ixtisası üzrə bitirib. Hazırda ABŞ-ın Texas A&M Universitetinin doktorantıdır.
- Hazırda doktorantura təhsiliniz necə keçir? Hansı mövzu üzərində işləyirsiniz? Tədqiqatlarınızın aktuallığı və əhəmiyyəti barədə.
- Hazırda doktorantura təhsilimin ikinci ilindəyəm, proqramı başa vurmaq cəmi beş il çəkir. İlk iki ildə bir çox metodoloji dərslərdə, həmçinin kafedramızın təşkil etdiyi seminarlarda iştirak edirik. Dərslərə paralel olaraq elmi rəhbərlərimlə birlikdə tədqiqat işləri ilə də məşğulam. Bizim sahədə dissertasiya işi böyük bir mövzuya həsr edilmiş tək elmi əsərdən ziyadə, bir-birilə ümumi mövzu baxımından əlaqəsi olan, lakin fərqli suallara cavab axtaran, fərqli tədqiqat metodları tətbiq edilmiş iki-üç essenin toplusu şəklində olur. Bu esselərdən hər biri sahəmizin ən nüfuzlu jurnallarında məqalə kimi çap edilməsinə hədəflənməlidir. Mənim tədqiqatımın ümumi mövzusu pərakəndə satış (riteyl) sektorunda biznes strategiyaları və əməliyyatların idarə edilməsindəki problemlərdir. Hal-hazırda son illər ABŞ-da sektoru ciddi narahat edən, böyük logistika xərclərinə və gəlir itkisinə səbəb olan və şirkətlərin həll tapmağa çalışdığı “məhsulların keyfiyyətlə əlaqədar olmayan səbəblərdən kütləvi geri qaytarılması” problemi ilə bağlı tədqiqat aparıram. Mövzunun əhəmiyyətini görmək üçün təsəvvür edin ki, ABŞ-da hər il orta hesabla 370 milyard dollar dəyərində məhsul mağazalara geri qaytarılır və bu məhsulların təqribən ancaq 10%-i aşkar keyfiyyət defektləri ilə bağlıdır, geri qalanı ehtiyac və gözlənti ilə uyğunsuzluq, daha sərfəli qiymətin aşkarlanması, sui-istifadəçilik və saxtakarlıq (müvəqqəti istifadə edib geri qaytarma, kredit kartı bonusları qazanma cəhdləri) zəminində baş verir. Vəziyyəti belə kritik həddə gətirib çıxaran faktorlardan biri ABŞ-da iri mağazaların həddindən artıq “müştəri dostu”, sərbəst geri qaytarma siyasətlərinin olmasıdır. Mən də hazırda bu siyasətləri, onların dizaynı prosesi və bu siyasətlərin müştərilərin alış və geri qaytarma davranışları üzərindəki təsirlərini araşdırıram. Aparıcı müəllifi olduğum, mövcud ədəbiyyatı (hansı ki, tədarük zənciri və əməliyyatların idarə edilməsi, marketinq, iqtisadiyyat, istehlakçı psixologiyası sahələrinə səpələnib) təsnif, təhlil və tənqid edən məqaləmiz hazırda sahəmizin ortalama ən yüksək impakt faktoruna sahib “Journal of Operations Management” jurnalında rəy prosesindən keçməkdədir və bu yaxınlarda ikinci tura dəvət alıb; hazırda rəyçilərin məqalədə görmək istədiyi məqamlar üzərində işləyirəm. Ümid edirəm ki, ilin sonuna doğru çapa qəbuluna nail olacağıq. Bundan əlavə, yuxarıda qeyd etdiyim mövzularla əlaqəli, hazırda üzərində işləməkdə olduğum iki layihəm yenə var. Biri empirik, digəri isə riyazi-analitik tədqiqat layihəsidir, müvafiq olaraq laboratoriya eksperimentləri və oyunlar nəzəriyyəsi metodlarından istifadə edirəm. Yaxın bir il ərzində bu layihələri də tamamlayıb elit jurnallardan birində çapına nail olmaq istəyirəm.
- Hədəfdə iştirak etmək istədiyiniz yeni elmi layihələr varmı?
- Bəli, hazırkı layihələrimizin məqalə kimi çapına nail olduqdan sonra üstündə işləmək istədiyim bir neçə layihə də var. Qısaca bu layihələr pərakəndə satış sektorundakı iri şirkətlərin məhsulların satışı və geri qaytarılan məhsulların qəbulu kanallarının (məs. onlayn, mağaza, ikili və çarpaz) dizaynındakı strateji qərar-vermə və tətbiqetmə problemlərinin, habelə istehlakçı gözləntiləri və seçimlərinin bu problemlərdəki rolunun öyrənilməsi ilə bağlıdır.
- Məlumdur ki, doktorantura təhsilində önəmli məqamlardan biri “Tədqiqat mövzusu”nun seçilməsidir. Siz mövzunu özünüz seçdiniz, yoxsa elmi rəhbəriniz və ya universitet tərəfindən müəyyən olundu? Ümumiyyətlə, bu məsələ ABŞ-da və ya konkret desək, sizin universitetdə necə qoyulur?
- Öncəliklə qeyd etməliyəm ki, tədqiqat mövzu seçimi nəinki universitetdən və ixtisas proqramından, hətta fərddən fərdə də dəyişə bilir. Məsələn, təhsil aldığım universitetə müraciət edərkən hazırda elmi rəhbərlərim olan professorların qapalı dövrə tədarük zəncirlərinin idarəetməsi, təkrar istehsal, bərpa və təkrar emal məhsullarının marketinqi məsələlərindəki tədqiqatları məndə maraq oyatmışdı. O vaxtlar özümdə həm bu mövzularda, həm də pərakəndə satış obyektlərinin biznes strategiyaları və əməliyyatlarının idarəedilməsi mövzusunda maraq artıq mövcud idi. Konkret tədqiqat suallarım isə doktorantura proqramına başladıqdan sonra aldığım dərslər, seminarlar və elmi rəhbərlərimlə müzakirələr fonunda yarandı. Maraq dairələrimlə bağlı mövcud ədəbiyyatı oxuduqca cavab tapmamış çoxlu sualların mövcudluğunu gördüm və beləcə öz istiqamətimi müəyyən etdim. Ümumilikdə isə tədqiqat mövzusunun seçimi tələbə ilə onun birlikdə çalışmağa maraqlı olduğu professorların müzakirələri əsasında təbii olaraq formalaşır. Bizim kafedramızda doktorantların qəbulunu professorlar fərdi olaraq yox, qəbul komitəsi həyata keçirir, həmçinin professorlar tələbələri öz şəxsi büdcələri hesabına maliyyələşdirmir, bu proses kafedra büdcəsindən idarə olunur. Ona görə də tələbələr öz elmi rəhbərlərini, dolayısı ilə də mövzularını proqrama daxil olduqdan ilk üç semestr ərzində fərdi axtarışla və professorlarla qarşılıqlı dialoqla müəyyən edə bilirlər.
- Nüfuzlu bir universitet, deyək ki, Harvard, Berkli və s. özünə lazım olan doktorantı hansı kriteriyalar əsasında seçir?
- Kriteriyalar ABŞ-dakı bir çox qabaqcıl universitetdə bənzərdir. Bunlar arasında əvvəlki təhsil pillələrində ciddi uğurları, motivasiya məktubunda elmi-tədqiqat və gələcək akademik karyeraya marağın yaxşı ifadəsini, ümumi də olsa maraqlı gələn tədqiqat istiqamətlərinin dolğun izahı və bunların müvafiq kafedranın tədqiqat istiqamətlərinə uyğun olmasını, yaxşı elmi jurnallarda çap edə bilmiş professorlardan müsbət tövsiyə məktublarını və tələb olunan imtahanlardakı (məsələn GRE, GMAT və s.) göstəriciləri saya bilərəm.
- Amerikada doktorantura təhsili nə dərəcədə aktual hesab olunur, təhsilin bu növünü aktual edən faktorlar hansılardır?
- Sözün düzü, ABŞ-da doktorantura təhsili alan yerli tələbələr xarici tələbələrlə müqayisədə azlıq təşkil edir. Bu yaxınlarda “New York Times” qəzetində oxuduğum bir məqalədə qeyd edilirdi ki, bakalavr səviyyəsində tələbələrin 80%-i ABŞ vətəndaşlarıdırsa, bakalavrdansonrakı təhsildə isə 80%-i əcnəbi tələbələrdir. Doktorantura təhsilində bir çox sahələrdə bu rəqəm 65-70% xarici tələbələrin xeyrinədir. Əlbəttə ki, ABŞ-da doktorantura təhsili almaq ciddi intellektual meydan oxumadır, bunun öhdəsindən gəlmək bacarığında olanlar çox deyil. Amma burada maddi məsələlər, yeni, erkən vaxtlardan yüksək gəlirli bir işə başlama həvəsi də rol oynayır. Xaricdən doktorantura təhsili almaq üçün gəlmiş tələbələr bunu daha qətiyyətlə edirlər və bilirlər ki, təhsillərini yarımçıq qoysalar, ölkələrinə geri qayıtmalı ola bilərlər. Yerli tələbələr arasında isə doktorantura təhsilinin stressli tərəflərinə çox tab gətirməyib sənayedə yaxşı gəlirli bir iş imkanı çıxan kimi doktorantura təhsilini yarımçıq qoyub ayrılma halları çox müşahidə edilir. Məncə, artıq universitetlər də bu tendensiyaların fərqindədir və davamlılığından şübhə etdikləri namizədləri qəbul etməməyə, yaxud əcnəbi tələbələri daha çox cəlb etməyə başlayırlar. Sonda qeyd etməliyəm ki, ABŞ-da universitetlərdə professor-müəllim heyətinə olan tələbat təkcə yerli doktorantlar hesabına ödənilə bilməz.
- ABŞ kimi bir ölkədə doktorantların (bakalavr və magistrlərlə müqayisədə) statusu necədir?
Doktorantlara ABŞ-da tələbədən ziyadə artıq professor-müəllim həyətinin bir üzvü kimi baxılır və gözləntilər də bu əsasda olur. Şəxsi təcrübəmdən nümunə verim: bir doktorant kimi mən istər öz elmi rəhbərlərim, istərsə də digər professorlarımızla tədqiqat ideyaları, metodlar və nəticələr ətrafında debatlar edə bilirəm, yaxud professorlar bizdən öz məqalələrinə ilkin rəyçi olmağımızı xahiş edirlər.
Kafedramız yeni professorların işə qəbulunu elan edəndə seçim prosesində biz də iştirak edirik, gələn namizədlərlə görüşürük, müşahidələrimizi kafedra müdirimizə təqdim edirik. Gələn ildən etibarən, 3 il ərzində bakalavrlara tək mühazirəçi kimi dərs də deyəcəyəm. Bütün bunlar artıq özümü bir tələbə kimi yox, professor-müəllim heyətinin üzvü kimi hiss etməyimə səbəb olur. Zənnimcə, bu, ABŞ-da bir çox universitetdə bənzərdir.
- Müşahidələriniz necədir, Amerika universitetlərini güclü edən nələrdir? Ənənələr və ya innovasiyalara daha çox meyillilik?
- Həm ənənələr, həm də innovasiya meyilliliyi vacib faktorlardandır. Ancaq məncə, daha da vacib faktor innovasiya prosesinin özünün ənənəyə çevrilməsidir. ABŞ-dakı ən nüfuzlu universitetlərin yaşı 100-150 ildən çoxdur. Bu universitetlərin əksəriyyəti ABŞ-ın sənaye və iqtisadi inkişafı fonunda formalaşıb, eləcə də bu inkişaf prosesinə elmi-tədqiqat bazası və yetişdirdiyi mütəxəssislərlə təkan verib. Məncə, məhz bu qarşılıqlı təsir davamlı və dayanıqlı inkişafa gətirir. Başqa ölkələrdəki gənc universitetlərin çox böyük maddi imkanlarla belə bir neçə il ərzində ABŞ-ın qabaqcıl universitetləri səviyyəsinə çatması çox çətindir. Burada ənənənin gətirdiyi üstünlük danılmazdır. Buna baxmayaraq təlim-tədris və tədqiqat sferasında davamlı innovasiyalar, sənaye yaxınlığı və müxtəlif mənbələrdən (dövlət, iş dünyası, başqa universitetlər və s.) həm maddi, həm insan resursları cəlb etmə bacarığı gənc universitetlərin inkişaf prosesini və ənənə yaratma prosesini sürətləndirə bilər. Şərqi Asiya universitetləri arasında buna gözəl nümunələr var.
- Bilirsiniz ki, Azərbaycan universitetlərinin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Prezident sərəncamı var. Yəni sərəncamla doktorantura təhsilinin inkişafına və ikili diplomların verilməsinə diqqət artırılır. Bu sərəncam barədə fikirlərinizi bilmək istərdik.
- Təbii ki, ali təhsilin inkişafına dair bütün addımları təqdir edirəm. Əminəm ki, bu sərəncam yeni tədqiqatçıların yetişməsinə, xarici universitetlərlə birgə tədqiqat layihələrinə, akademik kadr mübadiləsinə müsbət təkan verəcək. Yəqin ki, gənclərimiz sərəncamın xaricdə doktorantura təhsili ilə bağlı hissəsini daha həyəcanla qarşılayıb. Bununla bağlı yüksək göstəriciləri və akademik karyera marağı olan gənclərimizə demək istərdim ki, ABŞ-da əlavə maddi dəstəyə ehtiyac olmadan, tamamilə universitet tərəfindən maliyyələşdirilərək bir çox istiqamətlər üzrə doktorantura təhsili almaq mümkündür, mənim təhsilim də məhz Texas A&M Universiteti tərəfindən maliyyələşdirilir. Ona görə də, yaxşı olardı ki, proqrama da təhsil haqqı maliyyələşdirmə mexanizmi kimi yox, nüfuzlu universitetlərə təqaüdlə qəbul olmuş qabaqcıl doktorantların yaşayışlarına (xüsusilə ailəli namizədlərin) və tədqiqatları ilə bağlı fəaliyyətlərinə dəstək (konfrans səyahətləri, tədqiqat üçün resurs təminatı) mexanizmi kimi baxılsın. Məncə, bu yanaşma doktorantura təhsili almaq istəyən namizədlərimizin universitet seçimlərindəki hədəflərini və rəqabətliliyini yüksəldər.
- Elmdə sizi ən çox cəlb edən nədir və həyatınızda elmin rolunu necə qiymətləndirirsiniz?
- Elmdə məni ən çox cəlb edən biliyin təkcə istehlakçısı olmaqla kifayətlənməyib, həm də istehsalçısına çevrilməyin gətirdiyi intellektual həzzdir. Bilirsiniz, maraq insan təbiətinin ən fundamental hissələrindəndir. Mənim üçün ətrafımda gördüyüm hadisələrin səbəbləri, nəticələri ilə bağlı suallar vermək və onlara cavab tapmağa çalışmaq özümü dərk etdiyim gündən maraqlı olub. İndi isə bunu daha spesifik istiqamətlər üzrə, daha sistematik şəkildə etməkdəyəm. Hər nə qədər zamanla peşəkar bir fəaliyyətə çevrilsə belə, mənim üçün elmi fəaliyyətin işdən ziyadə bir həyat tərzi olaraq qalacağına inanıram. Konfutsinin çox sevdiyim bir sözü var: “Sevdiyiniz bir peşə seçin və ömrünüzün sonunadək bir gün belə işləməli olmayın”. Məncə, mənim elmi işlə münasibətim də bu qəbildəndir, bu cəhətdən özümü xoşbəxt hesab edirəm.
- Gələcək hədəf və planlarınız barədə.
- Doktorantura təhsilinin özü uzun bir prosesdir. Onun üçün hazırda əsas hədəfim yaxın üç il ərzində davam etməkdə olan layihələrimin nüfuzlu jurnallarımızda dərcinə nail olmaq və yeni, maraqlı layihələrin özülünü qoymaqdır. Təhsilimi bitirdikdən sonra ABŞ-da nüfuzlu tədqiqat universitetlərinin birində professor kimi akademik karyerama başlamaq istəyirəm. Öz sahəmdə tanınan bir tədqiqatçıya çevrilmək, həmçinin özümü effektiv bir mühazirəçi kimi inkişaf etdirmək arzusundayam. Vaxt keçdikcə öz fəaliyyət və təcrübələrimdən əmələ gələn biliyi və akademik mühitdəki əməkdaşlıqlarımı ölkəmizin elmi-tədqiqat, təhsil və sənaye mühitinə də müxtəlif formalarda transfer etmək istəyirəm. Bunu Azərbaycanda təhsil almaqda olan, yaxud xaricdə təhsil almış gənclərdən ibarət işçi qruplar formalaşdıraraq sənaye yönümlü layihələrlə, bir sıra konfransların, seminarların təşkili, sənaye əhəmiyyətli dövlət qurumları və elmi-tədqiqat institutları ilə əməkdaşlıqlarla etmək arzusundayam. Yəqin ki, ABŞ-da çalışacağım universitetdə azərbaycanlı bir gəncə elmi rəhbərlik edib onu nüfuzlu universitetlərdən birinin professor heyətinə daxil etdikdən sonra Vətənə birdəfəlik qayıdıb fəaliyyətimi ölkəmdə davam etdirəcəyəm.
Oruc MUSTAFAYEV