Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

 

Konfransı  açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Rektor bu gün münasibətilə tələbə və müəllim heyətini təbrik edib.

 

“Bədən tərbiyəsi və idman” kafedrasının müdiri, Naxçıvan MR-nın Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev muxtar respublikada idmanın inkişaf tarixindən söz açıb.  Həmin kafedranın baş müəllimi Valeh Əlixanov universitetin pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələlərdən danışıb.

 

Ali təhsil ocağında idmanın inkişafı və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsində göstərdiyi xidmətlərə görə universitetin bir qrup müəlliminə  fəxri fərmanlar təqdim edilib. 

 

Tələbələrdən karate üzrə Sərcan Məmmədov, Orxan Xəlilov, qaçış üzrə Gülayə Cəfərova, boks üzrə Vüqar Xaliqov, cüdo üzrə Allahverdi Allahverdiyev stolüstü tennis üzrə Xurşud Mahmudova təltif ediliblər.