Sənədə əsasən, tələbələr mərkəzdə və ona üzv təşkilatlarda istehsalat təcrübəsi keçəcəklər


Martın 29-da Sumqayıt Dövlət Universiteti ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

 

Universitetdən daxil olan məlumatda bildirilib ki, memorandumda Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, SDU tələbələrinin mərkəzdə və ona üzv təşkilatlarda ("Azersun Holding", "AccessBank" ASC, "Bank of Baku" ASC, "KapitalBank,"  "Avrora", "Delta Group", "İnci Group") istehsalat təcrübəsi keçirilməsi, mərkəz tərəfindən təşkil olunan təlim və seminarlarda SDU əməkdaşlarının iştirakının təmin edilməsi, Erasmus+; KA2 və KA1 proqramları çərçivəsində universitetin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihələrə tərəfdaş və koordinator kimi cəlb olunmasına dəstək verilməsi, beynəlxalq sertifikatlaşdırma və akkreditasiya proqramlarının universitet nəzdində lokallaşdırılması, tələbələrin İELTS, TOEFL, SAT, GRE, GMAT, ACCE, PMP və s. kimi sertifikat proqramlarına hazırlaşması, sahibkarlığın inkişafını nəzərə alaraq sahibkarlıq subyektlərinə ixtisasartırma proqramlarının təklif edilməsi, mərkəz tərəfindən təşkil edilən seminarlarda SDU tələbələrinin iştirakının təşkili, mərkəzin həyata keçirdiyi tədqiqatlarda SDU-nun elmi potensialından istifadə edilməsi nəzərdə tutulub.

 

Universitetin rektoru, professor Elxan Hüseynov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. Bildirib ki,  beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet, bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır. SDU Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının  üzvüdür. Universitetin hazırda Köln Texniki (Almaniya ), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Samara Dövlət Texniki universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələri mövcuddur. Rektor onu da qeyd edib ki, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr uğurla yerinə yetirilərək səmərəli nəticələr verir.

 

Memorandum çərçivəsində həyata keçiriləcək işlərin əhəmiyyətini vurğulayan rektor bu əməkdaşlığın uğurla gerçəkləşəcəyinə ümidvar olduğunu qeyd edib.

 

Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov, həmin Mərkəzin beynəlxalq layihə şöbəsinin direktoru Zəfər Həsənov təşkilatın missiyasından, görülən işlərdən, həyata keçirilən layihələrdən və imzalanan memorandumun dövlətimizin və təhsilimizin inkişafına verəcəyi töhfədən bəhs ediblər.

 

Şakir CƏFƏROV