Böyük Britaniyanın  Milli Təhsil Tədqiqatları Fondunun (NFER)  məlumatına görə,  müəllimlər digər peşə sahiblərindən fərqli olaraq öz fəaliyyətləri ilə bağlı daha çox stress keçirirlər.

 

Tədqiqatın nəticələrinə istinad edən www.theguardian.com/education qeyd edir ki,  müəllimlərin 20% -i  işlə bağlı güclü əsəb gərginliyi keçirir, digər peşə sahibləri arasında isə müntəzəm stresdən şikayət  edənlər cəmi 13%  təşkil edir.  Vəziyyətin bu cür şəkil alma səbəbləri arasında tədqiqatçılar  təhsilalanların sayının artmasını, müəllimlik peşəsini tərk edənlərin sayının çoxalmasını göstərirlər. Sonuncu faktor müəllimlik fəaliyyətini davam etdirənlərin əlavə dərs saatları ilə yüklənməsi ilə müşayiət olunur.


NFER qeyd edir ki, hərçənd ki, il ərzində müəllimlərin iş vaxtı digər peşə sahiblərinin iş vaxtı ilə eyniyyət təşkil edir,  intensiv iş qrafiki  pedaqoji fəaliyyət və şəxsi həyat  arasında balansın pisləşməsinə, stressin daha yüksək səviyyəsinə gətirib çıxarıb.


"Bir çoxlarının müəllim peşəsini  bu cür tez surətdə tərk etməsinin səbəbləri bizim üçün tapmaca deyil", - deyə Fondun baş direktoru doktor  Meri Busted  bildirib.  Onun sözlərinə əsasən, "qeyri-mümkün dərəcədə  yüklənmə, çoxsaylı  hesabatlar, daimi testlər, maaşların azlığı yaxşı müəllimlərin  peşəni tez-tez tərk etməsinə gətirib".

 

NFER karyeranın erkən mərhələlərində müəllimlərin işdə saxlanması göstəricilərinin əhəmiyyətli dərəcədə azalması  fonunda müəllim-stajorların çatışmazlığı   probleminin həlli üçün təcili tədbirlər görməyə çağırıb.

 

Hesabatın həmmüəllifi Cek Uort qeyd edir ki,  "İngiltərə məktəbləri kifayət sayda müəllimlərin işəqəbulu  və işdə saxlanılması məsələsində ciddi problemlərlə rastlaşır.  Müəllim karyerasını insanlar üçün daha cazibədar etmək üçün pedaqoqların iş şəraitinin yaxşılaşdırılmasına açıqca zərurət  var".


Qeyd olunur ki,  hesabat dərc edilməmişdən öncə Böyük Britaniyanın Təhsil Nazirliyi müəllimlərin işəgötürülməsi və onların peşədə saxlanılmasına dair öz Strategiyasını təqdim edib.  Hesabatda problemin həlli kimi dərs yükünün azaldılması və lazımsız  hesatlardan imtina olunması göstərilib.
  

Təhsil naziri Damian Xinds bildirib: " Bir il əvvəl mən nazir  vəzifəsini tutanda qarşımda başlıca vəzifə kimi lazımsız və bürokratik  yüklərin sayını azaltmağı qoydum.  Diqqəti ona  yönəltnək lazımdır ki,  müəllimlər peşəyə  dəftərxana  vəzifələrini yerinə yetirməyə deyil, öyrətməyə gəlsinlər".

 

Oruc MUSTAFAYEV