Tədbir 1 mart-Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunub


Naxçıvan Dövlət Universitetində “1 mart-Beynəlxalq Mülki Müdafiə Günü”nə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Ümumdünya Mülki Müdafiə Gününün mahiyyətindən danışaraq bu günün 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gün olduğunu vurğulayıb. Rektor gələcəkdə mülki müdafiə fənnini tədris edən kadrların seçilməsinə diqqətin artırılması, FHN-in mütəxəssislərinin iştirakı ilə açıq dərslərin keçirilməsi, mülki müdafiə fənninin tədrisi üçün maddi-tədris bazasının təkmilləşdirilməsi və dərs vəsaitlərinin hazırlanmasında bu fənnin tədrisini həyata keçirən ali təhsil müəssisələrinin iştirakının vacibliyini diqqətə çatdırıb.

 

“Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri, dosent Oktay Rzayev “Ali təhsil müəssisələrində mülki müdafiə” mövzusunda çıxış edib. Bildirib ki, ali məktəblərdə mülki müdafiə fənninin tədrisinin, ümumilikdə mülki müdafiə işinin keyfiyyətinin artırılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gənc nəslin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Emin Qasımov “Naxçıvan Muxtar Respublikasında fövqəladə hallara qarşı mübarizə” mövzusunda danışaraq muxtar respublikanın mülki müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması barədə ətraflı məlumat verib.

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Azadə Cəfərova “Fövqəladə hallar zamanı ilk tibbi yardım”dan bəhs edərək qeyd edib ki,  gündəlik həyatımızda peşəsindən, savadından asılı olmayaraq hər bir insan  zərərçəkmişi həkimə çatdırana qədər ilk tibbi yardım göstərilməsinin ən sadə üsullarını bilməlidir. Nəzərə çatdırılıb ki, bu səbəbdən əhalinin maarifləndirilməsi, müxtəlif ekstremal vəziyyətlərdə əvvəlcədən hazırlıqlı olması, özünə  və qarşılıqlı yardım  qaydaları və üsullarını bilməsi mühüm şərtlərdən biridir.