Elnurə Abbasova: “İlk öncə müəllim şagirdlərlə davranışına fikir verməlidir”


Elnurə Abbasova  1987-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2004-cü ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul olaraq ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb.  2008-ci ildən Sabirabad şəhər 1 nömrəli tam orta məktəbində ingilis dili müəllimi işləyir.

 

 

- Elnurə xanım  11 ildir ki, müəllim kimi fəaliyyət göstərirsiniz. Bu peşəni seçməniz təsadüfi deyil ki?

 

- Mənim ailəmdə valideynlərim təhsilə böyük önəm verir. Ən çox da anam ali təhsil almağımı və həkim olmağımı istəyirdi. Amma məktəbdə ingilis dili müəllimim ingilis dilini mənə sevdirdi. O zamandan qərara gəldim ki, ingilis dili müəllimi olacağam.  Həm də bu dili öyrənməyim məni sanki başqalarından   çox fərqləndirirdi. Ən əsası atam da ali məktəbə qəbul olanda, mənə arxa-dayaq oldu və dəstəklədi.

 

- İndi artıq peşəkar müəllimsiniz, kifayət qədər təcrübəniz var. Bəs ilk fəaliyyətə başlayanda hansı çətinliklərlə qarşılaşdınız?

 

- Öncə həyəcanlı idim, həm də bir o qədər rahat. Çünki rayona dönərkən  hər kəsin mənim haqqımda məlumatı var idi. Ali məktəbə qəbul imtahanında yüksək bal toplamışdım. Tanıyanlar bilirdi ki, necə səylə çalışmışam. Ona görə də bir neçə məktəbdən və kollecdən  işə başlamağım üçün dəvət etmişdilər.  Həmin dövrdə hələ ki, Müəllimlərin İşə Qəbulu imtahanı tətbiq olunmadığından məktəbi özüm seçdim və beləliklə, 1 nömrəli məktəbdə müəllim kimi fəaliyyətə başladım. Hər kəs məni xoş qarşılayırdı və bu, məndəki həyəcanları getdikcə yox edirdi.

 

- Fənninizi şagirdlərə  sevdirmək üçün hansı üsullardan istifadə edirsiniz?

 

- Şagirdlərin istənilən bir fənnə münasibəti birbaşa onun müəllimindən asılıdır. İlk öncə müəllim şagirdlərlə davranışına fikir verməlidir. Əgər müəllim daim xoş münasibət bəsləyib öz fənnini sevgilə tədris edərsə, şagirdlərin bu fənnə biganə yanaşması mümkün deyil.  Demək olar ki, məktəb mənim ikinci ailəmdir. Bir düşünün, hər gün eyni insanları görüb ünsiyyətdə olursan və artıq onlarla doğmalaşırsan. Doğma insanlara isə insan hər zaman qayğı ilə yanaşır.

 

- Amma etiraf edək ki, bütün şagirdlər hər zaman dərslərinə yaxşı hazırlaşmır.

 

- Təbii ki, oxumayan şagirdlər də olur. Bunun bir neçə səbəbi var. Ən böyük səbəb valideynin öz övladının təhsili ilə maraqlanmaması, yaxud ona dəstək olmamasıdır. Digər amillərə isə şagirdin yaşadığı mühit, dost və tanışlarının necə insanlar olması aiddir.

 

- Siz indiki dövrdə şagirdlərdə hansı problemləri müşahidə edirsiniz?

 

- Əslində problemi yalnız qızlarda müşahidə etmək olur. Çünki bəzi valideynlər qızlarının ali təhsil almasına dəstək olmur. Buna çox təəssüflənirəm. Qızların ali təhsilli olması daha vacibdir. Məsələn, mən ali təhsilliyəm və bunun sayəsində həm övladlarımın təhsili ilə məşğulam, həm də ailənin maddi baxımdan təmin olunmasında daim dəstək oluram.  Amma araşdırsaq əksər oxumayan, yaxud zəif  şagirdlərin valideynləri təhsilsiz olacaq...

 

Oğlan uşaqlarında isə problem yox, daha çox zərərli vərdişlər olur. Onlar daha çox telefon və kompüter oyunlarının aludəçisinə çevrilirlər. Bunun nəticəsində oğlanların çoxu, hətta çox bilikli olsalar da, ev tapşırıqlarını yaxşı hazırlamırlar. Mən də dərsi elə təşkil etməyə çalışıram ki, şagirdlərim bütün dərsi elə dərsin gedişində mənimsəyib öyrənsinlər.

 

- Bilirsiniz ki,  ingilis dili buraxılış imtahanı sırasına daxil edilib. Bu fəndən yaxşı nəticə əldə etmək üçün hansı üsullardan istifadə edirsiniz?

 

- Dərsdə şagirdlərlə yalnız ingilis dilində danışırıq və  ingilis dilində səsli mətnlər olan disklərdən istifadə edirəm. Bir də  tədrisdə ən mühüm amil  valideyn, şagird və müəllim münasibətlərini düzgün tənzimləmək və şagirdi stimullaşdırmaq və inandırmaq vacib şərtdir.

 

- Təhsil sahəsində həyata keçirilən islahatlara, tədbirlərə və yeniliklərə münasibətiniz necədir?

 

- Sözsüz ki, bütün yenilikləri, islahatları müsbət qarşılayıram.  İslahatlar nəticəsində müəllim peşəsinin hörməti, nüfuzu yüksəlib. 

 

- Bu yeniliklər içində ən  çox üstünlüyü nəyə verirsiniz?

 

- Təhsil Nazirliyi tərəfindən diaqnostik qiymətləndirmənin keçirilməsinə  çox sevindim. İmtahanda 55 bal toplamışam.  Hazırlıq səviyyəsi zəif olan müəllimlər  öz səviyyələrini bilib, öz üzərlərində işləməyə başladılar. Təhsil Nazirliyi tərəfindən onların peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər təşkil olundu.

 

- Bir müəllim kimi  hansı planlarınız, yaxud arzularınız var?

 

- Hələ tələbə vaxtından magistratura pilləsi üzrə təhsil almaq və xarici ölkələrdə təhsilimi davam etdirmək istəmişəm. Amma təəssüf ki, bunların heç birinə nail ola bilməmişəm. Bakalavr pilləsini bitirən kimi ailə qurdum. Artıq bundan sonra şanslarım azaldı. Həm evdəki,  həm də məktəbdəki uşaqlarımdan ayrılıb gedə bilmirəm. Amma qısamüddətli təlimlərdə iştirak etmək niyyətindəyəm. Özüm gedə bilməsəm də, şagirdlərimi hər zaman xaricdəki təhsil proqramları  ilə məlumatlandırıram.

 

- Sonda hansı fikirlərinizi  müəllim həmkarlarınıza  çatdırmaq istəyirsiniz?

 

- İstəyirəm ki, cəmiyyətin bütün təbəqələri üçün təhsil ən birinci sırada dayansın. Çünki  təhsilimiz güclü olarsa, həm millətimiz, həm  də dövlətimiz daha da güclü olar. Beləliklə, yaxşı təhsillə inkişaf edib, öz həyatımızı və gələcək nəsillərin həyatını  yaxşılaşdırmış olarıq.

 

 

Xalid NƏCİYEV,

Sabirabad Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi