Azərbaycan Texniki Universitetinin əbədi tələbəsi Elşad Əliyev


Lent.az-ın “Əbədi tələbələr” layihəsində Azərbaycan Texniki Universitetinin əbədi tələbəsi Elşad Əliyevi anası Flora Hüseynova ilə birgə yad edirik. Bu gün Flora xanımın Elşadı ilk dəfə qucağına aldığı gündən 44 il keçir...

 

Mənə görə, körpə - qadın qucağına verilən ən misilsiz mükafatdır. Buna görə də ana bu müqəddəs hədiyyəni də, onunla bağlı xatirələri də göz bəbəyi kimi qoruyur. Ölümündən 26 il keçsə belə...

 

Flora xanım qucağındakı albomu stolun üstünə qoyub, özünün “məsumiyyət muzeyi”nin qapılarını üzümə açır...

 

Bir daha əmin oluram, əgər bu boyda dünyada bir oğuldan bir anaya iki məktub, bir vinetka və bir də bir neçə şəkil qalırsa... həqiqətən də ədalət kişi adından başqa bir şey deyil...

 

Saralmış məktubu ehmalca açır:

 

- Vüsalə, qızım, bax, bu Elşadın mənə ilk məktubudur...

 

Xatirələrini əzərəm deyə məktuba ondan da ehtiyatla, qorxa-qorxa toxunuram. Üzünə baxıram, gözləri ilə oxumağa icazə verdiyimi işarə edir və barmaqlarımın ucu ilə məktubu açıram: “Sıravi Əliyevin ilk məktubu!”

 

Elə bu vaxt ikinci məktubu uzadır. Eyni qaydada açıram: “Sıravi Əliyevin ikinci məktubu!!!!!!!” ...Və bir neçə nida işarəsi... Və bununla da onun döyüş yolu başa çatır... Cəmi iki məktuba sığan bir ömürdən bəhs edəcəyik...

 

 

- Elşad necə məktəbli idi?

 

- 1975-ci il fevralın 27-də dünyaya gəlmişdi... Üç oğlumun ortancılı idi... Altı yaşı olanda Binəqədi rayon 244 nömrəli məktəbə getdi. Əvvəlcə qəbul etmək istəmirdilər ki, yaşı azdır. Sonra oxumaq həvəsini görüb, “bir rüb oxusun, baxaq”, dedilər. Bir müddət sonra sinif rəhbəri dedi ki, Elşad özündən böyüklərdən də yaxşı oxuyur. Tək oxumağı ilə yox, xarakteri ilə də diqqəti cəlb edir, tez bir zamanda hamının sevimlisinə çevrilirdi. 1991-ci ildə əla qiymətlərlə həmin məktəbdən məzun oldu...

 

- Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti -red.) təhsil almaq öz arzusu idi?

 

- Bəli. İxtisasını da özü seçdi - avtomobil nəqliyyatının istismarı fakültəsi, axşam şöbəsi. Mən onları tək böyüdürdüm, yoldaşım tez vəfat etmişdi. Elşad da deyirdi ki, axşamları oxuyub, gündüzləri işləyəcəyəm, sənə kömək edəcəm.

 

- İşləyirdi?

 

- 1991-ci ildə, məktəbi bitirən kimi ali məktəbə qəbul oldu və 5 saylı taksi parkında mühərrik yığıcısı kimi işə başladı. İndi o yerlərin izi-tozu da qalmayıb. Kaş, qalardı və orada Elşadı tanıyanlardan soruşardınız, görərdiniz onu necə sevirdilər...

 

- Nə idi onu sevimli edən?

 

- Dürüst, vicdanlı, dostcanlı və vətənpərvər uşaq idi. Xeyirxah idi, bax, bu şəkildə yanında dayanan qızı görürsünüz, onu universitetə Elşad hazırlamışdı... Telefonla...

 

- Sevdiyi var idi?

 

- Mən bilmirəm, vallah! Elşad sinfin bütün qızlarını bacısı kimi istəyirdi, hamısının evinə gedib-gəlir,  ataları  ilə əyləşib  çay  içirdi...

 

- Evlərinə getmədiyi, atası ilə çay içmədiyi biri necə, var idi...?

 

Yenidən albomu vərəqləyib, şəkillərə diqqətlə baxır...

 

- Var idisə də, mən bilmirdim...

 

Məktubların zərfində öz əlləri ilə üç şəkil çəkib - tank, helikopter və qadın silueti... Üçüncüyə işarə edirəm:

 

- Hər halda... nə isə var imiş...

 

- Bəlkə də... Amma biz ana-bala yox, dost olmuşuq, olsa, mənə deyərdi...

 

- Nə qədər oxudu, nə qədər işlədi...?

 

- 2-ci kursa qədər oxudu. Qış sessiyasını verib, ərizə yazdı... təhsilini yarımçıq qoyub, Qarabağa yollandı...

 

- Müharibəyə getmək qərarını sizə necə bildirdi?

 

- Mənə heç nə demədi. 1993-cü il aprelin 9-u idi. İşdən qayıdanda gördüm stolun üstündə bir kağız var. Baxdım ki, universitetdən çıxarış vərəqəsi veriblər. Yazılmışdı ki, təhsili dayandırılıb, döyüşdən qayıdandan sonra oxuyacaq. Dedim:

 

- Ay Qara, - qarabuğdayı olduğu üçün onu belə çağırırdıq, - bu nədir?

 

- Əsgər gedirəm!

 

- Hara gedirsən axı? Hələ heç səni çağıran da yoxdur!

 

- Məni Vətən çağırır, getməliyəm!

 

Özü ilə Azərbaycanın xəritəsini və bayrağını götürüb, getdi... Aprelin 13-də yola saldım...

 

- Saxlamağa çalışmadınız?

 

- Mən onu saxlaya bilərdim? Mümkün deyildi! Bu, onun mənə növbəti sürprizi oldu... Sürpriz etməyi çox sevirdi balam...

 

- Başqa sürprizlərini xatırlamağı xahiş etsəm...

 

- ...Maaşını alanda işdən gəlirdim ki, evin ortasında 1, 3 və 5 manatlıqlardan günəş düzəldib... Pulları da həmişə mazutlu olardı... (Ağlayır) Mən adətən dekabr ayında məzuniyyət götürürdüm... O işdən gələndə əlləri daima mazutlu olurdu... İsti su hazırlayırdım ki, əllərini yusun, deyirdi “Fülüm, - məni belə əzizləyirdi, - əziyyət çəkmə, axı sən olmayanda mənim üçün isti su hazırlayan olmur...”

 

- Nə qədər döyüşdü?

 

- Çox az... İyulun 16-da Ağdamın Şelli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid oldu...

 

- 1993-cü ilin iyulunda Ağdamda ən ağır döyüşlər gedirdi...

 

- Bəli, qızım, dedilər ki, ən ağır döyüşlərdə iştirak edib... Bunlar olan yerə “qrad” düşüb, 18 əsgər birdən şəhid olub. Bir həftə əvvəl zəng etmişdi. Mən tibb bacısıyam, xəstəxanada işləyirdim. Bir şənbə günü həkimlərin otağına zəng gəldi, telefonu mən qaldırdım:

 

- Alo, Flora xanımı olar?

 

- Atam, mənəm! Hardan zəng edirsən, ay Qara?

 

- Hərbi hissədən zəng edirəm! Komandirimiz Kənanla danışmışam, mənə icazə verəcək, gələn şənbə bir həftəlik evə gələcəyəm... Nigaran qalma, yerim çox yaxşıdı...

 

Komandiri Kənan da qonşumuz idi. Demişdisə, icazə verəcəkdi. Bir həftə gözlədim və gələn şənbə günü üçün onun xoşladığı xörəkləri bişirdim...

 

- Nələri xoşlayırdı?

 

- Paytaxt salatını çox xoşlayırdı... Yarpaq, bir də badımcan dolmasını... Hər iki dolmadan bişirib, azca da salat hazırlamışdım... Bir də onun sevdiyi kekslərdən... İşə getməzdən qabaq konfetəcən düzmüşdüm süfrəyə ki, birdən tez gələr, gəlib işdə məndən açarı alıb, evə gələcək... Çay sevən idi... Çayı isə qəndlə içməyi sevirdi...

 

- Qardaşları evdə deyildi?

 

- Bir az soyuqlamışdılar, əmim qızıgildə qalırdılar...

 

- Xəbər gələndə işdə idiniz?

 

- Bəli... Şənbə günü saat 11 radələrində gətiriblər həyətə... Qonşular işə zəng ediblər... İkinin yarısına qədər mənə deyə bilməyiblər... Hiss edirəm ki, kim məni görür, üzünü çevirib, gözlərini gizlədir... Nə ağlıma gələr? Elə sevinirəm ki, bu gün balam gəlir... Gördüm şöbədə sakitlikdir, amma baş həkimin otağında səs-küy var... Dedilər, Fikrət müəllim səni çağırır... Mən baş həkimin otağına girəndə yenə hamı üzünü başqa səmtə çevirdi, Fikrət müəllimin isə üzü ağappaq olmuşdu:

 

- Flora, get evə, mən sənə icazə verirəm...

 

- Axı evdə heç kim yoxdur, mən evə niyə getməliyəm?

 

- Flora, mən sənə dedim ki, geyin, get evə...! - Baş həkim ayağa qalxıb, digər iki həkimə göstəriş verdi: - Evə ötürün...

 

Vüsalə, qızım, otaqdan çıxmaq istəyəndə sanki kürəyimə bıçaq saplayıb, burdular. Çevrilib qorxa-qorxa soruşdum ki, “Fikrət müəllim, axı nə olub?”. “Heç nə, Flora... Heç nə...” dedi...

 

Xalatımı soyunub, çantamı götürdüm... Xəstəxananın həyətinə çıxanda gördüm nə qədər adam toplaşıb... Ağlayırlar... Özümdə bircə kəlmə soruşmağa güc tapdım ki, “axı mənim balama nə olub?”. Sonra necə qışqırmışam, nə demişəm, xəbərim olmayıb... Məni evə necə gətiriblər, bilməmişəm... Özümə gələndə maşında idik... Maşın həyətə dönəndə gördüm həyətimizdə millət var... Bütün qohumlar xəbər tutmuşdu... Artıq balamın tabutu gəlmişdi... Mən süfrə açıb, xörək bişirib, özünü gözləyirdim axı... O nə xoşlayırdısa, hamısını bişirmişdim...

 

- ...Özünü... özünü görə bildiniz…?

 

- Məni yaxına qoymadılar... Məscidə aparıb, gətirdilər, bir az evdə qaldı, aparıb Şəhidlər Xiyabanında dəfn etdilər... Qardaşlarım və qonşu uşaqları görmüşdü, başının bir hissəsi yox imiş... Gecə yatdım, yuxuda gördüm Elşad qəfil tabutdan qalxıb başımın üstündə dayandı, dedi ki,

 

“Ana, heç vaxt başın əyilməsin. Mən sənin başını aşağı edəcək iş görməmişəm! Çox ağlama, bəs 13-cü tabutdakının anası neyləsin?” Bunu deyib, yox oldu...

 

Oyanıb başladım ağlamağa... Səsimə qonşu otaqdan bacım, qardaşım, gəlinlər gəldi. Yuxumu danışanda gəlinimiz də ağladı...

 

Sən demə, Elşadın tabutunun nömrəsi 12 imiş... Onu gətirən əsgərlər gəlinimizə deyiblər ki, xala, heç olmasa özünü gətirmişik, amma 13-cü qutunun heç başı da üstündə deyil...

 

- Dost-tanışlarından əlaqə saxlayan var?

 

- Sinif yoldaşları unutmur... Nə Elşadı, nə də məni... Çox şən, həyat dolu uşaq idi... Dostları gəlib Elşadlı xatirələri danışırlar və bu da mənə bir təskinlik olur...

 

- Bəs qrup yoldaşları?

 

- Onları elə də yaxşı tanımıram, nə oxudu ki? Mən özüm uzun illər gəlirdim universitetə... Gəlirdim deyəndə ki, hər il dərslər başlayan günü gəlib yolun o üzündə dayanıb, həsrətlə bu qapıya, universitetə girib-çıxan tələbələrə baxırdım. Sadəcə, baxıb, ağlayırdım... Bəzən saatlarla belə dayanırdım... Axı mənim balam necə həvəslə oxuyurdu... Çox savadlı idi... Niyə onun arzuları nakam qaldı? Niyə onun tələbəliyi yarımçıq qaldı?

 

2016-cı ildə qardaşım zəng  etdi ki, televizorda göstərirlər ki, AzTU-da şəhidlərin xatirəsinə abidə ucaldılıb və lövhədə Elşadın da adını gördüm. Səhər açılar-açılmaz gəldim... 23 il sonra yolu keçib, içəri girdim... Məni o qədər gülərüz qarşıladılar ki... Prorektor İsa müəllim məni abidənin yanına apardı... Uşağımın adını görəndə həqiqətən inandım ki, mənim balam ömürlük buradadır, o, əbədi tələbədir... O vaxtdan artıq hər il ad gününü burada, universitetdə qeyd edirik...

 

- Və nəvəniz Elşadın adını daşıyır...

 

- Mən razı deyildim açığı, böyük oğlum ilk oğul nəvəmizə onun adını verdi. İndi baxıram, Elşadın adını daşıyan nəvəm sanki onu itələyib, yerində dayanıb. Yüksək balla UNEC-in Maliyyə fakültəsinə qəbul olunub. Oxumaq həvəsi, gələcək  planları,  arzuları,  ideyaları, həyata yanaşması... Sanki əmisinin davamçısıdır. Açığını deyim ki, o biri oğlanlarımda görmədiyim cəhətləri nəvəm Elşadda görürəm...

 

 

Məktubu ehtiyatla qatlayıb, zərfə qoyur:

 

- Gör nə qədər diqqətlidir, zərfə “açan əllər var olsun”, yazıb... Bu vinetkasıdır, saçının qabağına bax... Buradakı şəkli özünün də çox xoşuna gəlirdi. Bu gün kimi yadımdadır, gedib-gəlib vinetkasını mənə göstərirdi ki, “Ana, necə oğlanam?”. Deyirdim “Sənin “nanetli” saçına qurban olum, ay bala...”.

 

Oğluma demişəm ki, Rəşad, mən öləndə Elşadın vinetkasını açıq vəziyyətdə mənim sinəmə qoyarsan... Bir də... demişəm ki... mən sənə halal edirəm, qəbrimin üstünə gəlmə. Amma Elşadın məzarının yolunu ot basmasın, onu unutsanız, sizə halal etmərəm...

 

 

 

Vüsalə MƏMMƏDOVA