Layihə çərçivəsində Bakıdakı 307 nömrəli tam orta məktəbdə görüş təşkil olunub
Paytaxt məktəblərində “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər keçirilir. Belə tədbirlərdən biri də fevralın 22-də Bakıdakı 307 nömrəli tam orta məktəbdə təşkil olunub. Əvvəlcə valideynlər məktəb mühiti ilə tanış olaraq foyedə təşkil olunan şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Layihə çərçivəsində onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib.
Sonra valideynlərin və qonaqların iştirakı ilə tədris prosesi izlənilib. Qonşu məktəblərin nümayəndələrinin də iştirakı ilə dərslərin müzakirəsinə yer verilib. Valideynlər dərs prosesindən razı qaldıqlarını bildirərək məktəb rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən işləri yüksək qiymətləndiriblər. Tədbirdə valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verilib. Valideynlərin məktəb mühitinə verə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Tədbir məktəbin akt zalında şagirdlər tərəfindən təşkil olunmuş bədii hissə ilə başa çatıb.
Qeyd edək ki, layihə valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə daha yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədilə keçirilir.
Rəşad ZİYADOV