Ölkədə müasir tələblərə cavab verə bilən məktəb binasları tikilir, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulur. Sevindirici haldır ki, belə məktəblərin tikintisi təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələrdə, o cümlədən Masallı rayonunda da uğurla davam etdirilir. Son illərdə Masallı rayonunda 50-yə yaxın məktəb binası tikilib və ya əsaslı təmir işləri aparılaraq şagird və müəllimlərin istifadəsinə verilib. Hazırda Gəyəçöl kəndində 264 yerlik yeni müasir tipli məktəb binasının tikintisi davam etdirilir. Bundan əlavə, rayonun Bala Təklə və Sıxlar 2 nömrəli ümumi orta məktəbləri üçün modul tipli binaların tikintisi yekunlaşmaq üzrədir. Regionlarda bu cür məktəb binalarının tikintisi həm də ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.

 

Bu il fevralın 13-də rayonun Təkdam və Xallıcalı kəndlərində modul tipli yeni məktəb binaları tikilib müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəblərin açılışında Masallı RİH-nin başçısı Rafail Hüseynov, RTŞ-nin müdiri Tariyel Əkbərov çıxış edib, hər iki kəndin şagird və pedaqoji kollektivini və kənd ictimaiyyətini təbrik ediblər. Eyni zamanda çıxış edən kənd ictimaiyyətinin nümayəndələri yeni məktəb binalarının tikintisi ilə əlaqədar möhtədəm Prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya Masallı təhsilinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər. Tikilən məktəblər bütün yüksək standartlara cavab verir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını əks etdirən fotostendlər yaradılıb. Sinif otaqları əyani vəsaitlərlə təchiz edilib. Bir sözlə, bu məktəblərdə yaxşı oxumaq üçün bütün imkanlar yaradılıb.

 

Məktəblərin tikintisi onu göstərir ki, Azərbaycan dövləti təhsilə, gənc nəslin hərtərəfli biliyə sahib olmasına çox böyük əhəmiyyət verir. Masallı məktəblərinin bu cür yüksək standartlara uyğun əsaslı şəkildə yenidən qurularaq şagirdlərin istifadəsinə verilməsi təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

 

 

Əyyar BÜRHANOV,

Masallı RTŞ-nin metodisti