Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans


Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Konfransı giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev qeyd edib ki, 27 il əvvəl xalqımıza qarşı xüsusi amansızlıqla törədilən bu qətliam XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu hadisə mənfur erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb. Ermənilərin Xocalını hədəfə almaqda məqsədi ata-baba torpaqlarımızda bizə məxsus olan tarix və mədəniyyət abidələrimizi məhv etmək, Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi. Natiq vurğulayıb ki, Xocalı soyqırımının ilk siyasi qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib. Bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Xocalı faciəsi dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan dövlətinin günü-gündən qüdrətlənməsi, milli ordumuzun müasir texnika ilə təchiz edilməsi bizə ümid verir ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq.

 

Naxçıvan Müəllimlər İnstitutunun dosenti Elçin Zamanov “Xocalı soyqırımı fakt və rəqəmlərlə”, institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Günel Məmmədova “Xocalı qurbanları: tarixin yaddaşında yaşayanlar” adlı məruzələrlə çıxış ediblər.

 

Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub, institutun əməkdaşlarının ifasında Xocalı hadisələrinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.

 

Sonda institutun müəllim və tələbələrinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.