GDU-da bu mövzuda elmi konfrans keçirilib
Gəncə Dövlət Universitetində 31 mart – azərbaycanlıların soyqırmının 100 illiyinə həsr edilmiş “Azərbaycanlılara qarşı soyqrım gerçəkləri” adlı elmi konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rektor, professor Yusif Yusibov ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrımının “Böyük Ermənistan” xülyası ilə yaşayan daşnakların dövlət siyasəti olduğunu tarixi faktlarla əsaslandırıb. Bildirilib ki, XIX əsrin əvvəllərindən başlayaraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə Azərbaycan türklərinin yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımızı soyqırımına məruz qoymuşlar. Azərbaycan xalqına qarşı yönəldilən erməni təcavüzünün başlıca məqsədi müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan, ümumiyyətlə isə hər cür çirkin əməllərdən istifadə edərək Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və onu genişləndirərək “Böyük Ermənistan” yaratmaqdan ibarət olub. Bu niyyətin reallaşmasında ermənilərin maraqları o vaxt çar Rusiyasının Qafqazdakı maraqları ilə üst-üstə düşürdü.
1828-ci il martın 21-də rus imperatoru I Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına “Erməni vilayəti” yaradılması barədəki fərmanı artıq Azərbaycan türkləri üçün gələcək dəhşətli günlərə rəvac vermişdir. XX əsrin əvvəllərindən başlayaraq ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti yetirməyə başlamışdır. “Daşnaksütyun” partiyası öz proqramında dəyişiklik edərək Qafqazda müstəqil erməni dövləti yaratmaq məqsədilə silahlı birləşmələr təşkil etmişdir. 1905-1907-ci illərdə Rusiyada baş verən inqilabi proseslərdən istifadə edən ermənilər soyqırımı siyasətinin birinci mərhələsini həyata keçirməyə başlamışlar. Onlar Bakıda, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı kütləvi qətliamlar törətmişlər. On min nəfərdən artıq silahlı erməni birləşmələri təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Qazax qəzalarında kütləvi qırğınlar törədərək 200-dən çox Azərbaycan kəndini viran etmiş, on mindən artıq soydaşımızı qətlə yetirmişlər.
Rektor vurğulayıb ki, birinci dünya müharibəsi zamanı, habelə Azərbaycanlıların soyqrımının növbəti mərhələləri olan 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə erməni daşnaklarının törətdikləri vəhşiliklər tarixi həqiqətlərdir.
Professor Yusif Yusibov ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırmı haqqında” fərmanının əhəmiyyətini xüsusi qeyd edib. Erməni millətçilərinin Azərbaycana qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü işlər apardığını bildirib.
Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib. Məruzələrdə 1905-1907, 1918-1920, 1948-1952 və 1988-1994-cü illərdə xalqımıza qarşı törədilən soyqrımı siyasəti, kütləvi qətliamlar, görünməmiş vəhşiliklər haqqında danışılıb.